Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Vətən uğrunda yumruq kimi birləşməyi bacardıqca xəcalətli həmişə düşmənimiz olacaq

“Dənizdən dənizə” xam xəyalı ilə yaşayan, ac toyuq yuxusunda darı gördüyü kimi, yuxuda da “böyük Ermənistan”ı görən naxələf qonşularımız keçən il sentyabrın 27-də növbəti təxribatla səbrimizi yenidən sınağa çəkdilər. Və çəkdiklərinə bu gün də peşmandırlar. Çünki növbəti təxribatın onlar üçün bu qədər acı nəticələnəcəyini gözləmirdilər.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu erməni faşistlərinin uzun illər ərzində qurduğu, keçilməz hesab etdiyi müdafiə xətlərini qəhrəmanlıqla yardı, düşməni qabağına qatıb qovmağa başladı. Dövlət başçımızın dahi sərkərdə məharəti ilə idarə etdiyi Silahlı Qüvvələrin zəfər yürüşü noyabrın10-da Böyük Qələbəmizlə başa çatdı. 28-30 il erməni faşistlərinin tapdağı altında qalan torpaqlarımız 44 günə azad edildi. Ərazimizin 20 faizinin işğal altında olduğu son otuz ildə mümkün bütün vasitələrlə hər gün dönə-dönə deyirdik ki, nə qədər sülhsevər olsaq da, ərazi bütövlüyümüz təmin olunmalıdır, müstəqil Azərbaycanın bütün torpaqlarında məhz Azərbaycanın - dünyanın ən gözəl və əzəmətli bayrağı dalğalanmalıdır və dalğalanacaq. Qulaqdan kar işğalçılara və onları himayə edən gönüqalınlara çatmırdı ki, çatmırdı. Şanlı Ordumuzun qəhrəmanlıq və şücaəti ilə ölkəmizin ərazi bütövlüyü və tarixi ədalət bərpa olunduqdan sonra müqəddəs üçrəngli bayrağımız respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilən torpaqlarımızda da əzəmətlə dalğalanmaqdadır. Və dalğalandıqca əzəli torpaqlarımızı özününküləşdirmək xəyalı ilə yaşayan ermənilər başda olmaqla bütün dünyaya “Qarabağ Azərbaycandır!”-deyir.

Ərazi bütövlüyümüzün bərpasından keçirdiyim böyük fəxarət və qürur hissini isə sözlə ifadə etmək olmur. Uşaqdan böyüyə hamımız bu Qələbənin təşnəsi idik. Bu Qələbəni xalqımızın möhtəşəm birliyi, Vətən yolunda bir yumruq kimi birləşməyi sayəsində əldə etdik. Müqəddəs, əzəli torpaqlarımız uğrunda can qoyan şəhidlərimizin qanı bahasına Qarabağı qaytardıq və Qarabağa qayıtdıq! Allah bütün şəhidlərimizə rəhmət eləsin, onların ruhu qarşısında baş əyirik. Bu xalq var olduqca onlar unudulmayacaq. Şəhidlərin qanını yerdə qoymayan müharibə iştirakçılarına uzun ömür, yaralılarımıza tez bir zamanda sağalıb ayağa qalxmağı arzulayırıq.

Silaha sarılmasalar da, Vətən müharibəsinin Zəfərlə başa çatmasında xidməti az olmayan fədakarlarımız da çoxdur. Mənə elə gəlir ki, bu haqq savaşımızın silahsız qəhrəmanları sırasında valideynlər öndədir. Vətən üçün cəsur, igid, pəhləvan oğullar böyüdən Anaları, tək oğullarını belə cəbhəyə gülə-gülə yola salan Ataları nəzərdə tuturam. Odlar Yurdu üçün canlarından keçməkdə tərəddüd etməyən, öz qanları ilə işğal altında olan torpaqlarımızı geri qaytararaq yenidən Vətən edən igidlərimizin Ata-Anaları. Övladlarının şəhadətini eşidərkən bellərini dikəltməyə güc tapan Ata-Anaları. Mübarizlərin, Poladların... Ata-Anaları.

Azərbaycan var olduqca başlarını dik tutacaq Ata-Analar. Biz də bir şeyi unutmayacağıq. Unutmayacağıq ki, məhz bu Ata-Anaların canlarının bir parçası olanların qəhrəmanlığı hesabına keçən il noyabrın 10-dan sonra hamımız başıuca gəzirik. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətində çalışanların arasında da belə valideynlər az deyil. Donanmanın texniki istismarı departamentinin rəisi Balakişi Səfərov da İkinci Qarabağ savaşında şəhidlik zirvəsinə ucalmış oğlu Məmmədağanın Azərbaycan Bayrağına bükülü tabutuna baxanda “Vətən sağ olsun!” deyə bilən Atalarımızdan, ömür-gün yoldaşı Rəna xanım isə göz yaşları sözünə baxmasa da, göz yaşlarını gözlərində dondurmağa çalışan, təsəllisini Vətən üçün böyütdüklərində tapan mələk Analarımızdandır.

Bir Allah bilir ki, Məmmədağa 1997-ci il mayın 10-da dünyaya göz açanda nə qədər sevinmişdilər. Yasamal rayonundakı A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəb-liseyi bitirəndə də, 2014-2019-cu illərdə Türkiyənin Balıkəsir Universitetində Mühəndislik fakültəsinin “Mexanika mühəndisliyi” ixtisası üzrə ali təhsil alanda da sevinclərinin həddi-hüdudu olmayıb. Eyni sevinclə də 2019-cu il oktyabrın 8-də həqiqi hərbi xidmətə yola salmışdılar. Vətən müharibəsinin ilk günüdən döyüşlərə can atan Məmmədağa Cəbrayıl, Füzuli rayonlarının kəndlərinin işğaldan azad olunmasında iştirak edib. Oktyabrın 21-də Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib. Şəhid Məmmədağa Səfərov ölümündən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə prezident İlham Əliyevin Sərəncamları ilə “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Yeri gəlmişkən qeyd edək ki, Məmmədağanın adı qardaş Türkiyədə - təhsil aldığı Balıkəsir Universitetində də əbədiləşdirilib.

Yadıma möhtərəm prezidentimizin yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər düşür: “Mən demişdim ki, tarixi Azərbaycan torpaqlarında heç vaxt ikinci erməni dövləti yaradılmayacaq. Mən demişdim ki, heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcək. Mən demişdim ki, Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmayacaq. Demişdim ki, biz bu məsələni istənilən yolla həll edəcəyik və etdik, bütün təzyiqlərə, təhdidlərə baxmayaraq. Baxmayaraq ki, dünyada kifayət qədər güclü erməni lobbisi var. Dünyada bir çox aparıcı dövlətlər Ermənistanı dəstəkləyir və müharibə dövründə biz bunu açıq-aşkar görürdük, bəzi ölkələr bunu gizlədə bilmirdilər. Bu dəstək Ermənistana nə verdi? Heç nə. Bizim gücümüz, iradəmiz qarşısında bu dəstək sıfıra bərabər oldu. Hər kəs gördü ki, bizi heç kim və heç nə dayandıra bilməz…”.

Bəli, nə qədər ki, Odlar Yurdunda qəhrəmanlar böyüdən və bu qəhrəmanları ilk növbədə Vətən üçün böyütdüklərini düşünən ASCO-nun Donanmanın texniki istismarı departamentinin rəisi Balakişi Səfərov kimi fədakar Atalar, ömür-gün yoldaşı Rəna xanım kimi mələk Analar var, Vətən naminə sinələrini yağı gülləsinə hədəf etməkdən qorxmayan igidlərimiz də çox olacaq və xəcalətli də həmişə düşmənimiz olacaq in-şə-Allah!

 Rasif TAHİROV

“Dəniz” qəzetinin baş redaktoru


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır