Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

“ASLANIN ERKƏYİ, DİŞİSİ OLMAZ”... VƏ YA ŞƏRƏFLİ ÖMÜR SAHİBİ

Şəxsiyyəti haqqında söz açmaq istədiyim qəhrəmanın bugün ad günü və həm də sadəcə ad günü yox, yuvarlaq ildönümüdür.  

Adətən belə əlamətdar günlərdə  yubilyarların ömür yoluna işıq salırlar. Mən də qəhrəmanımın yüksəkixtisaslı peşəkar kimi işindən, Gəmiçiliyə sədaqətindən, gənc kadrlarla həvəslə bölüşdüyü zəngin təcrübəsindən, ictimai işlərdə fəallığından söz açmaq istəyirəm, baxmayaraq ki, onun 55 illik əmək fəaliyyəti dövründə bütün bunlar barədə çox deyilib-yazılıb. “Dəniz Donanmasının fəxri işçisi”nin layiq görüldüyü çoxsaylı təltiflər, mükafat və təşəkkürnamələr də deyilıb-yazılanların əyani təcəssümü olaraq “əşyayi-dəlil” sahibinin həqiqətən şərəfli ömür yaşadığını təsdiqləyib. Təkcə onu demək kifayətdir ki, o, müstəqil Azərbaycanın ilk dövlət təltiflərindən olan “Tərəqqi” medalına və uzun illər vicdanlı əməyinə görə “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü”nə layiq görülən ilk dəniz nəqliyyatı işçilərindən biridir. Bütün bunlardan sonra mən onun haqqında təzə nə deyə bilərəm ki? Bununla belə, deməyə söz çoxdur.

Ən azı ona görə ki, Nəzakət xanım Pənahova (bəli, bu yazı onun haqqındadır) əzəldən yalnız kişilərin fəaliyyət göstərdikləri bir sahədə çalışaraq öz əməli işi ilə həqiqətən “Aslanın erkəyi, dişisi olmaz” ifadəsinin doğruluğunu təsdiqləyib. Adlı-sanlı uzaq səfərlər kapitanı Hacımurad Pənahovun ailəsində dünyaya gələn və dənizdə işləməyin necə çətin olduğunu hələ uşaq ikən atasının dilindən eşidən Nəzakət xanım bununla belə, dəniz nəqliyyatı kimi spesifik xüsusiyyətlərə malik bir sahəyə gəlməkdən çəkinməyib.

1958-ci ildə Odessa Dəniz Donanması Mühəndisləri İnstitutunun “Su nəqliyyatının istismarı” fakültəsinə daxil olan N. Pənahova elə həmin il də Bakı dəniz limanında operator vəzifəsində əmək fəaliyyətinə başlayıb. 1964-cü ildə ali təhsilini başa vuran Nəzakət xanım əmək fəaliyyətini Gəmiçilikdə mühəndis-dispetçer kimi davam etdirib. Çox çətinliklərlə üzləşməsinə, o cümlədən gənc və gözəl bir xanımın sırf kişi peşəsi ilə məşğulluğuna qısqanclıqla yanaşanların yaratdıqları manelərə baxmayaraq, heç kimə şikayət etmədən və atasının kim olduğunu yaddan çıxartmayaraq cani-dildən çalışıb. Öz biliyi, səriştə və bacarığı ilə Operativ planlaşdırma şöbəsinin böyük mühəndisi, İstismar şöbəsində qrup dispetçeri, Maye yük daşıyan şöbənin rəisi vəzifələrinə irəli çəkilib. İşə vicdanlı və ciddi yanaşması ilə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin baş dispetçeri kimi çox məsuliyyətli bir vəzifəyə yüksəlməklə isə atasına layiqli övlad olduğunu bir daha sübut edib.

          Mən Nəzakət xanım barəsində Gəmiçilikdə fəaliyyətə başlamazdan xeyli əvvəl onunla birlikdə işləyən və yaşda Nəzakət xanımın özündən çox böyük olan həmkarından eşitmişdim. O, Hacımurad Pənahovdan danışırdı və sonda “...Böyük qızı da Gəmiçilikdə işləyir, maşallah,  atasına çəkib – zirək, məsuliyyətdən qorxmayan, məqamında reaksiya verən, bir sözlə, əsl peşəkardır” demişdi. O zaman – keçən əsrin 80-cı illərində Nəzakət xanım Təsərrüfat hesabı ilə istismarda olan gəmilər qrupunun rəisi işləyirdi.

Təbii ki, mən Gəmiçilikdə çalışarkən Nəzakət xanımı bilavasitə işdə gördüm. O, artıq Gəmiçiliyin baş dispetçeri idi. Həmkarları onu işin incəliklərini dərindən bilən yüksəkixtisaslı peşəkar, ciddi məqamlarda soyyuqqanlılıq nümayiş etdirərək özünü və ətrafdakıları dərhal səfərbər etməyə qadir olan cəsarətli, zabitəli və ədalətli  bir insan kimi xarakterizə edirdilər. Həmin dövrdə mən işimlə bağlı tez-tez Nəzakət xanıma müraciət etməli olurdum və deyilənlərin həqiqət olduğunu necə deyərlər özüm müşahidə edirdim. Mənim suallarıma gəldikdə isə  o, bütün suallarıma mahiyyət və məğz baxımından çox dəqiq və lakonik cavablar verirdi ki, bu da razılaşarsınız, yalnız peşəkarlara xas olur.

Yaxından tanıdıqca, bu Azərbaycan xanımına heyran olmamaq mümkün deyildi. Mən Gəmiçiliyin onun həyatının ayrılmaz bir parçası olduğuna fəaliyyətini  görərək əmin olmuşdum. Bununla bərabər, Nəzakət xanımı həm də qayğıkeş, diqqətcil ömür-gün yoldaşı,  fədakar ana və istəkli nənə, sədaqətli dost, maraqlı həmsöhbət... və digər bu kimi məziyyətlərin sahibi kimi tanıdım. Nəzakət xanımın yüksək dəyərləndirdiyim başqa xüsusiyyətləri də var: həyat şövqü, hər gün yeni bir şey öyrənmək həvəsi və zəhmətsevərliyi. Bütün bunlar Nəzakət xanımı tanıdığım andan bugünədək qətiyyən azalmayıb və əminəm ki, bundan sonra da Nəzakət xanım ona xas olan özəllikləri  mütləq qoruyub saxlayacaq.

  

 Sevda Abdullayeva,

İctimaiyyətlə əlaqələr departamentinin

aparıcı mütəxəssisi

 

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır