Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

YERİ GÖRÜNƏN İNSAN VƏ YA İŞIQLI ÖMRÜN SÖNMƏYƏN NURU

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin tarix salnaməsi 160 ildən artıq bir dövrü əhatə edir. Bu dövrdə Gəmiçiliyin bir çox əməkdaşı öz fədakar əməyi, dərin biliyi və zəngin təcrübəsi ilə bu salnaməyə neçə-neçə parlaq səhifə yazıb.

Bu gün Gəmiçiliyin taleyində əhəmiyyətli rolu olan, şərəfli həyat və fəaliyyəti ilə kollektivdə daim böyük ehtiramla xatırlanan Şəxsiyyətlərdən biri – Azərbaycan Respublikasının Əməkdar mühəndisi, Əməkdar ixtiraçısı və səmərələşdiricisi, coğrafiya elmləri doktoru Balarza Məmmədov haqqında söz açacağıq. Qəhrəmanımızın  110 illiyidir.

Balarza Məmmədov 1911-ci il martın 23-də Bakının Biləcəri qəsəbəsində anadan olub. Altı yaşında olarkən atası haqq dünyasına qovuşub. Dörd uşağın dolanışığı və qayğısı bütün ağırlığı ilə anasının çiyinlərinə düşüb. Mərd qadın böyük çətinliklə də olsa, bu yükü çəkə bilib...

Qəsəbə məktəbində təhsilini başa vuran yeniyetmə Balarza Bakıda  İnşaat Texnikumuna daxil olub və elə ilk tədris ilində öz səy və bacarığı, biliyə yiyələnmək həvəsi ilə müəllimlərin diqqətini cəlb edib. Hidrotexniki qurğulara hədsiz maraq göstərən Balarzanı o vaxt tez-tez Bakı buxtasında görmək olardı. O, burada körpülərin inşa edilməsinə baxır, Dənizkənarı bulvarın genişləndirilməsinə tamaşa edirdi. Belə işlərin icrası zamanı istifadə edilən üzən dirəkçaxanlar və torpaqqazanlar onun diqqətini çəkirdi.

Mühəndis olmaq istəyi ilə Xəzərə bağlılığını bir araya gətirmək qərarında qəti olan gənc 1932-ci ildə texnikumu bitirərək Leninqradın Su Nəqliyyatı Mühəndisləri İnstitutuna daxıl olur. Ali təhsilli mütəxəssis kimi Bakıya dönən Balarza Məmmədov Xəzər Dəniz Gəmiçiliyinin strukturuna daxıl olan “Xəzər Dəniz Yolları” İdarəsinə mühəndis təyin edilir. Böyük həvəslə fəaliyyətə başlayan gənc çox çəkmir ki, burada dibdərinləşdirmə işlərinin bütün incəliklərinə bələd olur.

1939-cu ildə Balarza Məmmədov  Sovet Ordusu sıralarına həqiqi hərbi xidmətə çağrılır və orduda olduğu zaman Böyük Vətən müharibəsi başlayır...

Atıcı alayın minomyotçusu olaraq B. Məmmədov düşmən hədəflərini dəqiq məhv etməklə, dəfələrlə öz döyüşçü yoldaşlarının köməyinə çatır. Döyüşlərin birində alman faşistlərinin həmlələrini xüsusi uğurla dəf etdiyinə görə “Qırmızı Bayraq” ordeni ilə təltif olunur.

        Ağır yaralandıqdan sonra ordu sıralarından tərxis edilən Balarza Məmmədov Bakıya dönüb, müharibə dövrü üçün xarakterik olan mürəkkəb şəraitdə işə başlayır.

        Qeyd etmək lazımdır ki, o vaxt Xəzər Sovet İttifaqının Avropa hissəsini Orta Asiya və İranla bağlayan əsas nəqliyyat qovşağı idi. Neft yataqlarına, qiymətli duz və pambıq rayonlarına yaxınlığı, Volqa ilə Xəzərə meşə materiallarının, sənaye avadanlıqlarının və kənd təsərrüfatı məhsullarının gətirilməsinin asanlığı  nəql baxımından onun əhəmiyyətini daha da artırırdı. Milyon tonlarla yük və təxliyyə edilmiş minlərlə insan gəmilərin, təmir vasitələrinin, ixtisaslı kadrların kəskin çatışmadığı bir vaxtda daşınırdı. İstənilən hava şəraitində təhlükəli yüklə gecə-gündüz dənizə çıxan, 5-6 ay təmirə dayanmadan – elə səfər vaxtı zədə və nasazlıqları aradan qaldıran, müharibəyə getmiş dənizçilərin də işini görən, amansız aviahəmlələrə məruz qalan və bütün bu çətinliklərə rəğmən öz səriştə, bacarıq və biliklərinin hesabına bir çox yeniliklərə imza atan dənizçilərə görə məsuliyyətin böyük bir qismi də  onların təhlükəsiz üzmələrini təmin edən dəniz yolları mütəxəssislərinin üzərinə düşürdü. Məhz belə bir mürəkkəb zamanda B. Məmmədov özünü, sözün əsl mənasında, yüksəkixtisaslı peşəkar kimi təsdiqləyir, çözülməsi qeyri-mümkün  görünən bir çox məsələləri səmərələşdirici təklifləri ilə həll edir. İstedadlı mühəndisin səmərəli fəaliyyəti bu dəfə “Qırmızı Əmək Bayrağı” ordeni ilə dəyərləndirilir. Əlbəttə ki, səmərələşdirici kimi daim yeniliyə can atan Balarza Məmmədovun təltiflərinin sayı da onun verdiyi təkliflər kimi artır.

Əsl peşəkar olan Balarza müəllimin işinə bəslədiyi həvəs, bağlılıq, şövq... burada hansı epitetdən istifadə etsəm, yerinə düşür – onun nüfuzunu sarsılmaz edir.

1953-cü ildə namizədlik dissertasıyasını müdafiə edən Balarza müəllimi Xəzər Dəniz Gəmiçiliyi rəisinin limanlar üzrə müavini təyin edirlər. 1957-ci ildə isə B. Məmmədov vaxtilə gənc mütəxəssis kimi fəaliyyətə başladığı “Xəzər Dəniz Yolları” İdarəsinin rəhbərliyini öz üzərinə götürür. 13 il ərzində bu qurumu uğurla idarə edən Balarza müəllimin  həmin dövrdə böyük iqtisadi səmərə verən iyirmiyədək ixtira və səmərələşdirici təklifi olub.

          1972-ci ildə B. Məmmədov doktorluq dissertasiyası müdafiə edib. Dissertasiyanın mövzusu Xəzərdə naviqasiyanın uzadılması üçün mövcud problemlərin həllinə  və dəniz özüllərinin büzdan mühafizəsinə həsr edilib. İstehsalatın təkmilləşdirilməsinə və elmi tədqiqatlara  vaxtının böyük bir hissəsini sərf edən Balarza müəllim eyni uğurla pedaqoji fəaliyyətlə də məşğul olub – Odessa Dəniz Donanması Mühəndisləri İnstitutunun Bakı filialında dərs deyib. Gənclərin əsl peşəkar, sözdə deyil, əməli işdə səriştə və bacarıq göstərməyə hazırlıqlı olmalarına çalışıb.

          Balarza Məmmədovun Xəzərə vurğunluğu onu özü kimi Xəzərsevərlərlə həmdost, həmfikir edib. Odessa Dəniz Donanması Mühəndisləri İnstitutunun Bakı filialının dekanı Ələsgər Hacıyev, Azərbaycan Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Xəzər bölməsinə rəhbərlik edən professor Qasım Gül məhz belə şəxslərdən olublar.

Yubilyar haqqında yazmağa hazırlaşarkən, təbii ki, mən onu tanıyan şəxslərdən də  Balarza müəllimi bir insan kimi xarakterizə etmələrini xahiş edirdim. Çox mədəni, həlim, təmkinli, ciddi, dərin bilikli, zəhmətkeş, təvazökar, əsl ziyalı, nurlu insan... Epitetlərə fikir verirsiniz? Mən Balarza müəllimin həmfikirləri barəda artıq yazmışam, onlar haqqında danışanlar da eyni sözlərdən istifadə edir və ən maraqlısı budur ki, hər üç Şəxsiyyət haqqında “nurlu insan” ifadəsini işlədirlər. Bu fədakarları unutmağa qoymayan məhz onların “nurlu” insan olmalarıdır, Vətənə, yurda, insanlığa və insaniyyətə böyük dəyər verərək işıqlı, hüzurlu ömür sürmələridir ki, biz bu gün də onları xatırlayarkən sanki həmin SÖNMƏYƏN NURUN sehrinə düşürük.

...Xəzərin vurğunu Balarza Məmmədov çoxdan haqq dünyasına qovuşsa da, onun adını daşıyan gəmi bu gün də fəaliyyətdədir. Almaniyada istehsal olunmuş “Mühəndis Balarza Məmmədov” gəmisinin heyəti Balarza müəllimin işinin sadiq davamçısıdır.     

 

 

 Sevda Abdullayeva,

 İctimaiyyətlə əlaqələr departamentinin aparıcı mütəxəssisi

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır