Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Xəzərimizin dəniz fənərləri

Gəmilərə yol göstərmək məqsədi ilə dənizdə və ya sahil yaxınlığında inşa olunan bəzi hündür tikililər dəniz mayakı və ya dəniz fənəri adlanır. 

Xəzərdəki bəzi qədim dəniz fənərlərindən bəhs edən bu yazı yəqin “Seanews.az”-ı izləyənlər üçün də maraqlı olar.

Abşeron dəniz fənəri

Abşeron dəniz fənəri 1859-cu ildə Pirallahı adası ilə üzbəüz dağda inşa edilib. O dövrdə Abşeron yarımadasında ən hündür dəniz fənəri idi. Qeyri-adi konstruksiyaya malik, 25 metr hündürlüyündə daş qüllənin üzərində qurulub.

1860-cı il oktyabrın 23-də istismara verilən Abşeron dəniz fənərinin yuxarısına spiral şəkilli, 102 pilləli pilləkənlə qalxmaq mümkün idi.

Görmə məsafəsi 38 km olan bu dəniz fənəri gecələr Pirallahı adası ilə Abşeron yarımadası arasındakı boğazda gəmilərin təhlükəsiz və etibarlı hərəkətini təmin edirdi.  O zaman dəniz fənəri kerosin lampasının köməyi ilə işıqlandırılırdı. 

1912-ci ildən işıqlanmada kerosin-istilik qurğusundan istifadə olundu, 1956-cı ildən isə elektrik enerjisi ilə işləyən lampa ilə əvəz edildi. Hazırda dəniz fənərinin işıqlanması gücü 500 vatt olan elektrik lampası və xüsusi linzalar sisteminin köməyi ilə təmin olunur.

Abşeron dəniz fənərinin görünüşü

 Abşeron dəniz fənərinin Pirallahı adasından görünüşü

 Abşeron dəniz fənərindən dənizin görünüşü

Abşeron dəniz fənərinin konstruksiyasında ən nəzərə çarpan arxitektura elementi onun giriş qapısıdır. Tağ şəklində olan bu qapı gəmi lövbərinin bəzi elementlərini özündə əks etdirir.

 Abşeron dəniz fənərinin görünüşü                          Abşeron dəniz fənərinin lampası

  Lənkəran dəniz fənəri

Lənkəran dəniz fənəri 1747-1786-cı illərdə Lənkəran qalası ilə paralel olaraq inşa edilib.

İran şahı Nadir şah 1747-ci ildə Lənkərana gəlir və öz fərmanı ilə Talış hakimi Seyyid Abbası elan etdiyini söyləyirlər. Elə həmin ildə dəniz fənərinin bitişik olduğu bu qalanın möhkəmləndirilməsi məqsədi ilə inşasına başlanılır.

1869-cu ilə qədər həmin ərazidə baş verən müharibələr zamanı əhali üçün əhəmiyyətli müdafiə və qala rolunu oynayan Lənkəran dəniz fənərinin hündürlüyü 30,5 metrdir. Lampaları ilə birlikdə hündürlüyü 33,4 metrə çatır.    

Dəniz fənəri 1957-ci ildə bərpa edilib.

Bu dəniz fənəri Lənkəran qala divarının yalnız bir hissəsidir, ikinci qala 500 metr məsafədədir və indi su basmış əsas yeraltı keçidlə birləşib. Oraya giriş qüllənin mərkəzindədir.

Rus qoşunları tərəfindən işğal edildikdən sonra ümumi qala divarları dağıdılıb və binadan həbsxana kimi istifadə edilib. Zindanla Lənkəran dəniz fənəri arasında gizli yeraltı keçid olub və məxfiliyi təmin etmək məqsədi ilə  məhbusların məhz həmin yolla gətirildiyi iddia olunur.

 Hətta qatarda tutulduqdan sonra İosif Stalinin bir müddət bu qalada həbsdə saxlanıldığı təxmin edilir. Həmin dəyirmi qüllədən 1970-ci ilə qədər həbsxana kimi istifadə edilib.

20-ci əsrin əvvəllərinə bu binalardan həbsxana kameraları kimi istifadə olunub

İçəridə olduqca qeyri-adi pilləkən sistemləri vardır

   Lənkəran dəniz fənərindən şəhərə və dənizə baxış

   Böyük Zirə adasındakı dəniz fənəri

Böyük Zirə adasındakı dəniz fənəri 1884-cü ildə fəaliyyətə başlayıb. Dəniz fənəri Böyük Zirə adasının qərb zolağında inşa edilmiş birmərtəbəli daş yaşayış binasının üç metrlik qülləsinin damında yerləşdirilib. O, gecələr Bakı buxtasına daxil olan gəmilərin yolunu işıqlandırırdı. 1907-ci ilə qədər həmin funksiyanı ilk növbədə Qız Qalası yerinə yetirirdi. Lakin Bakı şəhərinin işıqları mayakın yanıb-sönən işığını kölgədə qoymağa başladıqdan sonra, Bakı körfəzini dənizdən ayıran Nargin (adanın keçmiş adı) dənizçilər üçün əsas bələdçi olmağa başladı.

Gəmilərin yolunu işıqlandırmaq üçün İsveçdə xüsusi olaraq hazırlanmış kerosin fitilli yanma sistemi tətbiq olunmuşdur. Sonralar həmin sistem qazla çalışan dördüncü kateqoriyalı optik işıqlandırma fənəri ilə əvəz olundu.  1912-ci ildən asetilenlə işıqlandırılmağa başlayan Böyük Zirə dəniz fənəri Rusiya imperiyasında bu şəkildə işıqlandırılan ilk dəniz fənəri oldu.  II Dünya müharibəsinin əvvəllərində alman aviasiyasının diqqətini çəkməmək üçün Nargindəki mayak partladıldı və adaya zenit silahları quraşdırıldı.

1941-ci ildə müharibənin başlaması ilə əlaqədar olaraq dəniz fənərinin binası alman aviasiyası üçün istinad nöqtəsi ola biləcəyinə görə Sovet hərbi komandanlığının əmri ilə partladıldı. Elə o dövrdə Bakını hava hücumlarından qorumaq üçün Nargin adasında zenit silahları quraşdırılmışdı.

 

Böyük Zirə adasındakı dəniz fənəri 1958-ci ildə yenidən bərpa edildi. Fənər üçün adanın orta hissəsindəki bir təpədə kompleks bir optik-naviqasiya sisteminə malik olan daş bina və 18 metr hündürlüyü olan qüllə tikildi. Bu mayak hələ də fəaliyyətdədir. Mayaka xidmət edən heyət iki həftədən bir dəyişdirilir.

Dəniz fənərinin görünmə məsafəsi 20-30 km-dir. Fənərin qidalanması üçün günəş panellərindən və elektrik dizel generatorlarından istifadə olunur.

Azərbaycan Dövlət Dəniz Akademiyasının “Dəniz naviqasiyası” kafedrasının müdiri,

uzaq səfərlər kapitanı Həzi Nəbiyev


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır