Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

53 ildir həbsdə olan ABŞ gəmisi

Koreya Xalq Demokratik Respublikasının paytaxtının görməli məkanlarından hesab edilən “Pueblo” gəmisi 90-cı illərin sonundan Pxenyan şəhərindədir. Bir vaxtlar isə o, Vonsa limanında gəmi-muzey kimi  lövbərdə dayanırdı.

ABŞ Hərbi Dəniz Donanmasının gəmisinin ABŞ-dan çox uzaqlarda, xüsusən də soyuq münasibətləri olan bir ölkənin ərazisində yerləşməsi səbəbsiz deyil. “Pueblo” 1968-cı ildən Şimali Koreyada həbsdədir və  ABŞ dəniz donanmasının bu statusda olan yeganə gəmisidir.

Hər şey 1967-ci ilin dekabrında “Pueblo” gəmisinin 38 yaşlı kapitanı Mark Butçerin aldığı gizli əmrlə başlayır. 83 heyət üzvü olan “Pueblo” tapşırığa əsasən dayandığı Yokosuka limanından (Yaponiya) Yapon dənizinə çıxır. Kənardan elmi-kəşfiyyat işləri həyata keçirən gəmi kimi görünsə də, heyətin əsas missiyası tam başqa idi. “Dənizçilər” Şimali Koreyanın şərq sahillərində hərbi kəşfiyyat işləri aparmalı, bu ölkənin Çxondjin, Kimçxek, Vonsan limanları və Mayando adası ilə bağlı kəşfiyyat məlumatlarını ABŞ-dakı komandanlığa ötürməli idilər. 

 Mark Butçer

Amerikanları həmçinin SSRİ-nin Yapon dənizində üzən hərbi gəmiləri  maraqlandırırdı. Yanvarın 11-də gəmi təyin olunan əraziyə doğru hərəkətə başlayır. Mənsub olduğu ölkəni bildirməmək üçün bayraqsız üzür. Yanvarın 21-də “Pueblo” özündən 3 dəniz mili məsafədə kiçik gəmi görür. Ertəsi gün isə gözlə görünən məsafədə onun dövrəsində koreyalıların 2 trauleri hərəkət etməyə başlayır: ABŞ gəmisi aşkarlanmışdı. Yanvarın 23-ü səhər kapitan Butçer Şimalı Koreya Hərbi Dəniz Donanmasının gəmisinin onlara tərəf üzdüyünü görür. Bayraq hərəkətləri (buna həmçinin “bayraq semaforu” da deyilir) ilə məsafədən aparılan danışıqlarda koreyalılar onlardan gəminin hansı ölkəyə məxsus olduğunu soruşur və gəmini saxlamağı əmr edirlər.  “Gəmi coğrafi işlər aparır” cavabı koreyalıları qane etmir və heyəti gəmiyə atəş açmaqla hədələyirlər. Bundan sonra “Pueblo” gəmisində ABŞ bayrağı qaldırılır və kapitan heyətə bütün məxfi sənədləri məhv etməyi tapşırır. Amma “Pueblo”-nun sürəti onu izləyənlərdən qaçmağa bəs etmir. Gəmiyə yaxınlaşan koreyalılar  onun göyərtəsinə qalxmağı bacarırlar. Silahlı münaqişə zamanı 1 amerikalı həlak olur, 9 nəfər isə yaralanır.

 

Pueblo gəmisi

Koreyalılar “Pueblo” gəmisində olan bütün silah-sursatı və o vaxt üçün ən son kəşfiyyat avadanlığını ələ keçirirlər. Bu hadisə böyük səs-küyə səbəb olur. ABŞ-ın digər ölkələrə qarşı apardığı kəşfiyyat işlərindən bütün dünya xəbər tutur. Hadisədən keçən 11 ay müddətində Şimali Koreya, SSRİ, ABŞ arasında münasibətlər xeyli gərginləşir. Hətta hər 3 ölkənin Hərbi Dəniz Qüvvələri döyüş hazırlığına gətirilir. SSRİ-nin müttəfiqi Çin də dəniz döyüşçülərini Koreya yarımadasına yollayır. Uzun sürən danışıqlardan sonra - 1968-ci il dekabrın 22-də ABŞ və KXDR arasında əsirlərin qaytarılması haqqında sənəd imzalanır. Heyət üzvləri vətənlərinə yola salınır. ABŞ-da onları milli qəhrəman kimi qarşılayırlar. Heyət üzvlərinin hamısı medalla təltif edilir. Amma 11 aylıq əsirlik həyatını yaşayanlar geri dönəndə bir vaxtlar göyərtəsində sığınacaq tapdıqları “Pueblo”-nu özləri ilə gətirə bilmirlər. Koreya Xalq Demokratik Respublikası ABŞ gəmisini özü üçün saxlamaq qərarına gəlir. Gəminin qaytarılmasının 1968-ci ildə danışıqlar mövzusu olub-olmadığı barədə isə məlumat yoxdur. Amerika senatı 2008-ci ildə gəminin geri qaytarılmasını tələb etsə də, Şimali Koreya buna əhəmiyyət vermir.

Gəminin özünə gəldikdə isə, o uzun müddət Vonsan limanında dayanır. Arada koreyalılar onu gəmi-muzeyə çevirirlər və koreyalı ziyarətçilərin vaxtı ilə onların ölkəsinin ərazi sularına “kəşfiyyatçı” kimi daxil olan bu su nəqliyyatı vasitəsinə xüsusi rəğbəti olub.  

Musa Əliyev - ASCO-nun İctimaiyyətlə Əlaqələr departamentinin mütəxəssisi 

Seanews.az 

 

 

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır