Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Hacı Zeynalabdin Tağıyev: “Xahiş edirəm bu gənci yadınızda saxlayın, siz onun haqqında çox eşidəcəksiniz”

Məhərrəm Süleyman oğlu İsmayılov 1878-ci ildə Bakıda - İçərişəhərdə anadan olub. Bakı dənizçilik siniflərinin ilk azərbaycanlı məzunu - dənizçilər sülaləsindən olan Süleyman İsmayıl oğlunun ikinci oğul övladıdır.

Dənizçilər nəslinin yetirməsi olan bütün oğullar kimi, o da erkən  yaşlarından atası ilə birlikdə yelkənli gəmilərdə dəniz səfərlərinə çıxıb,  peşənin incəliklərinə mükəmməl yiyələnib. 

Atası oğlunun qabiliyyətini və dənizçilik peşəsinə hədsiz marağını görüb, onu təhsil almaq üçün Peterburqa göndərir. İmperator Birinci Aleksandrın adını daşıyan, quru və dəniz yolları üçün mühəndislər hazırlayan institutun kiçik kurslarında 5 il təhsil alan Məhərrəm sözügedən təhsil ocağını əla qiymətlərlə başa vuraraq, “gəmi sürücüsü” ixtisası üzrə diplom alır.

Bakıya qayıdan gənc Məhərrəm milyonçu Yusif Dadaşova məxsus yelkənli gəmilərin birində kapitan köməkçisi işləyir. Biliyi, bacarığı və çalışqanlığı ilə seçilən kapitan köməkçisi yenidən oxumaq üçün Peterburqa getmək istədikdə, onun arzusu nəzərə alınır. Bu dəfə Məhərrəm İsmayılov imperiyanın paytaxtına uzaq səfərlər kapitanı olmaq məqsədi ilə yola düşür. Və…

Dövlət imtahanlarından əvvəl müdavimlərdən ibarət heyətlə yelkənli gəmi Peterburqdan Avstraliyaya səfərə çıxır. Gəmi yolda – 10-cu paraleldə güclü tufana düşür. Gəminin kapitanı Paxolonq 18 müdavimə yelkənlərdən 10-15-ni yığmağı əmr edir. Müdavimlər bosmanın göstərdiyi dor ağaclarına çıxıb, yelkənləri yığırlar. Məhərrəm Süleyman oğlu da  onların arasında olur.   Öz yelkənlərini təzə yığıb qurtarır ki, birdən  qışqırıq eşidilir: “Suya düşən var!”. Bu hadisə okeanda dan yeri təzəcə sökülən zaman baş verir. Gənc Məhərrəm dərhal göyərtəyə düşür.  Vaxt itirmədən belinə kəndir bağlayır və bir ucunu da borta bənd edib suya tullanır ...

Üç aydan sonra gəmi Peterburq limanında dayanır. 2 gün əvvəl müdavimlərin dövlət imtahanlarından azad olması barədə əmr gəlsə də, heyəti sahilə buraxmırlar.

Günortadan sonra gəminin salonunda kapitan səfərin uğurlu alınması və vaxtından 10 gün tez bitməsi münasibətilə müdavimləri təbrik edir. Daha sonra  müdavim yoldaşını dalğaların caynağından alan Məhərrəm Süleyman oğlunu qəhrəman adlandırır və dərslərindən də həmişə yüksək qiymətlər aldığını bildirir. Şücaətinə görə ona mükafat olaraq Peterburq qusar zabitlərinə forma tikən dərzi sexində pulsuz kapitan libası tikdirmək üçün qəbz və göy rəngli atlas vərəqdə adına yazılmış tərifnamə təqdim edir.

Bakıya qayıdan Məhərrəmi bir ay sonra Yusif ağa Dadaşov məşhur milyonçu Hacı Zeynalabdin Tağıyevin dəvəti ilə onun malikanəsinə aparır. Həmin gecə  Hacı  xarici ölkələrdə və Rusiyada təhsilini başa vuran gənclər  üçün ziyafət təşkil edir. Məhərrəmi isə ziyafətin təyin olunduğu vaxtdan yarım saat tez çağırır və onunla söhbətləşir. Ziyafət zamanı gənclərə Məhərrəmi göstərib deyir: “Xahiş edirəm bu gənci yadınızda saxlayın, siz  onun haqqında çox eşidəcəksiniz”. Hacı Zeynalabdin bu yüksək mənəviyyatlı gənc kapitanın onu Peterburqda saxlamaq istəsələr belə, Vətənə qayıdıb  öz millətinə xidmət etmək, milli kadrlar hazırlamaq əzmini yüksək dəyərləndirir.

 

1918-1920-ci illərdə müstəqil Azərbaycanın üçrəngli bayrağı altında üzmək Məhərrəm Süleyman oğlunun nəsibinə yazılır. Kapitan cani-dildən ölkəsinin tərəqqisi üçün çalışır, gənc kadrları hazırlayaraq onların kapitan kimi fəaliyyət göstərmələrinə nail olur... 

Azərbaycanda sovet hakimiyyətinin  qurulduğu ilk illərdə  Məhərrəmə qarşı haqsızlıqlar olsa da, təcrübəli kadrların çatışmazlığı onu işdən uzaqlaşdırmağa imkan vermir. Məhərrəm Süleyman oğlunun gəmisi, hətta dənizin təlatümlü vaxtlarında səfərə çıxır. Böyük nüfuz sahibi olan kapitan bacarıqla heyəti tapşırıqların yerinə yetirilməsinə səfərbər edir, yeni-yeni rekordlara imza atır. Odur ki, dənizçilər nəslinin görkəmli nümayəndəsi haqlı olaraq işi, insani keyfiyyətləri və əməlləri ilə sayılıb-seçilir və nəinki Xəzərdə, bütün keçmiş Sovet İttifaqı məkanında tanınır.

Böyük Vətən müharibəsi illərində Xəzər dənizçilərinin fədakar əməyi yüksək dəyərləndirilir. Təkcə SSRİ Ali Soveti Rəyasət Heyətinin 1942-ci il 4 iyun tarixli əmri ilə 498 nəfər müxtəlif orden və medallarla təltif edilir  ki, onların sırasında Məhərrəm Süleyman oğlu da olur. 

Dinc quruculuq illərində də kapitan M. İsmayılov eyni əzm və səylə çalışır və ən başlıcası öz məramına çatır  – onlarca milli kadr hazırlayır.

Adlı-sanlı kapitan Məhərrəm Süleyman oğlunun fəaliyyəti yüksək qiymətləndirilib – iki dəfə Lenin ordeninə, “Qırmızı Əmək Bayrağı” ordeninə, iki medala layiq görülüb  və “Dəniz Donanmasının fəxri işçisi” olub.

Məhərrəm Süleyman oğlu İsmayılov 1952-ci il mayın 20-də 74 yaşında dünyasını dəyişib.

Böyük hörmət sahibi olan Məhərrəm Süleyman oğlunun  adı ölümündən sonra əbədiləşdirilib - Finlandiyada istehsal edilmiş buzqıran yedək gəmisinə onun adı verilib.

 

Sevda   ABDULLAYEVA,

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin 

İctimaiyyətlə əlaqələr departamentinin əməkdaşı


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır