Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Bütün həyatını dənizçiliyə həsr edən və 20 Yanvar hadisələrində qəhrəmanlıq göstərən kapitan Müzəffər Əliyev

Əliyev Müzəffər Məmməd Əli oğlu 1931-ci ildə Goranboy rayonu Dəliməmmədli kəndində anadan olub.

O, 1954-cü ildə Bakı Dəniz Yolları Məktəbini “Gəmi sürücülüyü” ixtisası üzrə bitirərək Xəzər Dəniz Neft Donanmasının “Navaxte” gəmisində kapitan köməkçisi kimi əmək fəaliyyətinə başlayır.  1955-ci ildə “Safonov” gəmisinin kapitanı vəzifəsinə təyin olunur. 1963-cü ildən 1993-cü ilədək Dəniz üzgüçülüyünün təhlükəsizliyi xidmətinin rəis müavini, 1993-cü ildən 1995-ci ilədək həmin xidmətin rəisi vəzifəsində çalışır.

“Leninin 100 illiyi” medalı ilə və  xüsusi xidmətlərinə görə Fəxri Fərmanla təltif edilib.

Ömrünün 40 ilini dənizdə keçirən qocaman kapitan Müzəffər Əliyev 1990-cı ilin 20 Yanvar hadisələrində qəhrəmancasına  iştirak edib. 20 Yanvar hadisələri zamanı sovet hərbi gəmilərinin hərəkətinə yol verməmək üçün Azərbaycan dənizçiləri Bakı buxtasına gedən yolu kəsir. 120-dən çox gəminin iştirak etdiyi aksiyada “Sabit Orucov”gəmisi dənizçilərin qərərgahı seçilir və 7 kapitandan ibarət “Kapitanlar şurası” təyin edilir. O dövrdə “Babazadə” gəmisinin kapitanı vəzifəsində çalışmış Müzəffər Əliyev həmin “Kapitanlar şurası”nın sıralarında idi. Onlar Bakıda törədilən qətliamı SOS siqnalı ilə dünyaya çatdırır. SSRİ Xəzər Hərbi Donanmasının gəmiləri ilə şəhidlərin cəsədlərinin  hərbi gəmilərlə dənizə aparılıb atılmasının qarşısı da dənizçilər tərəfindən alınıb.  Bütün bu müqaviməti isə sistemli şəkildə idarə edənlərdən və hadisələrə görə məsuliyyəti öz çiyinlərində daşıyan qəhrəman kapitan Müzəffər Əliyev idi. Müzəffər Əliyev idarə etdiyi “Babazadə” gəmisi ilə hərbi gəmiləri yoxlamaq üçün  Xəzər Hərbi Donanmasının yerləşdiyi əraziyə daxil olur.  Nəticədə “Babazadə” gəmisi güclü atəşə məruz qalır.

Təsadüfi deyil ki, o dövrki SSRİ hərbi naziri Dmitriy Yazov buxtadan gəmilərin çıxarılması üçün məhz Müzəffər Əliyevlə görüşür. Görüş zamanı kapitan Əliyev ordunun Bakıdan çıxarılmasını tələb edir. Kapitanlar, başda Müzəffər Əliyev olmaqla 20 yanvar hadisələrindən sonra belə sona kimi SSRİ hərbi donanması və ordusuna qarşı müqavimət göstərirlər.

Müstəqillik dövründə isə kapitan Müzəffər Əliyev Dəniz üzgüçülüyünün təhlükəsizliyi xidmətinin rəis müavini, xidmət rəisi vəzifələrində çalışıb.

Bütün həyatını dənizçiliyə həsr edən kapitan Müzəffər Əliyev 1 iyun 2016-cı ildə vəfat edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır