Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Müasir silahlar hesabına yenilənən Müzəffər Ordumuz

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun Vətən müharibəsində qazandığı parlaq Qələbə tarixə qızıl hərflərlə yazıldı. Ordumuzun strategiyası və taktikası haqqında bir çox böyük dövlətlərin hərbi ekspertləri bu gün də heyrət hissi ilə danışırlar. Xüsusi Təyinatlı Qüvvələrimizin həyata keçirdiyi “Şuşanın azad olunması əməliyyatı” isə, şübhəsiz ki, hərbi dərsliklərdə yer alacaq.

Azərbaycan Silahlı Qüvvələri işğalçı ölkənin yenilməz hesab etdiyi ordusunu qısa müddətdə ağır məğlubiyyətə uğratdı. Bizi hətta Bakını da işğal edə biləcəkləri ilə hədələməkdən çəkinməyən məkrli düşmən Vətən müharibəsinin 44-cü günündə ağ bayraq qaldırmağa məcbur oldu. Ermənistanın Baş naziri daha ağır faciələrdən qaçmaq üçün 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzaladı.
Ədalətlə apardığımız müharibə Qələbəmizlə bitdi. Bütün dünyada haqqın, ədalətin tərəfdarları Zəfərimizə bizimlə birgə sevindilər. Amma Qələbəmizdən özlərinə yer tapmayanlar, işğalçıların açı məğlubiyyətinə az qala, “dəsmal götürüb ağlayanlar” da oldu. Məhz həmin qüvvələr müharibədən sonra Ermənistandakı bəzi revanşist qüvvələrə dəstəyini ifadə etdilər. Həmin qüvvələr bu gün də rəşadətli Ordumuza qarşı təxribatlar törədirlər. Təbii ki, belə təxribatların qarşısı dərhal alınır və növbəti sarsıdıcı zərbəni alan kimi, adəti üzrə döyüş meydanından qaçmağa məcbur olurlar.

Müharibədən sonra ölkə başçısı cənab İlham Əliyev bütün çıxışlarında Ermənistanda baş qaldırmaq istəyən həmin revanşist qüvvələrə “dəmir yumruğ”un yerində olduğunu və istənilən vaxt üstümüzə gəlmək istəyənlərin başını əzə biləcəyini bəyan edib.

Ali Baş Komandan Azərbaycanın hərbi qüdrətinin bundan sonra da artırılacağını, ölkəmizin ərazi bütövlüyünün qorunması üçün bütün zəruri tədbirlərin görüldüyünü və görüləcəyini söyləyib.
Müdafiə Nazirliyinin tərkibində Komando briqadasının yaradılması da belə tədbirlərdəndir.

Ölkə başçısının 2021-ci il dekabrın 24-də Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfəri zamanı Komando briqadasına döyüş bayrağının təqdim edilməsi mərasimi keçirildi. Diqqətinizi müdrik dövlət başçımızın açılış mərasimində səsləndirdiyi qiymətli fikirlərdən birinə yönəltmək istəyirəm: “Müharibə dövründə qüsurlarımız çox deyildi, amma olub. Ona görə müharibə bizim üçün əvəzolunmaz təcrübə idi. Müharibədən sonra həm müasir tələbələrə cavab verən silah-sursat, texnikalar alınır, eyni zamanda, yeni silahlı birləşmələr yaradılır. Bax, bu gün Hadrutda bu hərbi hissədə yeni hərbi birləşmənin nümayəndələri, komando qüvvələri yerləşir. Komando briqadasının yaradılması bizim üçün yenilikdir. Bir yox, iki yox, bir çox Komando briqadaları artıq Azərbaycanda yaradılır və bu briqadalar istənilən hərbi vəzifəni icra etməyə qadir olacaqlar. Yüksək təlim keçmiş, yüksək iradə nümayiş etdirmiş və Vətən uğrunda özlərini fəda etməyə hazır olan övladlarımız bu briqadalarda xidmət edəcəklər. Bu, bizim ordumuzun gücünü böyük dərəcədə artıracaq. Bir daha demək istəyirəm ki, belə briqadalar çox olacaq, minlərlə hərbçimiz bu briqadalarda xidmət edəcəklər. Beləliklə, Azərbaycan Ordusu bundan sonra da öz peşəkarlığını və yüksək mənəvi ruhunu qoruyacaqdır.”

Bir sözlə, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın iqtisadi qüdrəti artdıqca, adı dünyanın ən güclü silahlı qüvvələri sırasında çəkilən Ordumuzun maddi-texniki bazası da ən müasir silahlar hesabına yenilənməklə, yenilməzliyi də daim təmin olunacaq.

           Musa Əliyev                                   ASCO-nun İctimaiyyətlə əlaqələr departamentinin mütəxəssisi


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır