Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

"Zərifə Əliyeva" gəmisinin üstün cəhətləri çoxdur

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində çox xoş və unudulmaz günlər yaşanır. Gəmiqayırmanın son nailiyyətləri əsasında inşa olunmuş və görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın adını daşıyan Ro Pax tipli gəmi-bərə möhtərəm prezidentimiz İlham Əliyevin xeyir-duası ilə istismara verildi.

Bu əlamətdar hadisəyə bütün dənizçilər, göz oxşayan gəmini ərsəyə gətirənlərlə yanaşı, yəqin ona qoynunda yer verən Xəzər də sevinirdi.

Uzun illər dalğalar qoynunda üzdüyüm üçün kifayət qədər dənizçilik təcrübəm var. Üstəlik, Ulu öndər Heydər Əliyevin Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə töhfəsi olan "Həsən Əliyev" gəmi-bərəsini 1985-ci ildə baş mexanik kimi və “Bərdə” və “Balakən” gəmi-bərələrini isə 2012-ci ildə baş mühəndis kimi Xorvatiyanın Pula tərsanəsində qəbul etmişəm. Deyə bilərəm ki, müasir tələblərə cavab vərən gəmi-bərələrin inşası asan iş deyil. Dərin bilik və gərgin əmək tələb edir. Layihənin seçilməsi, sifarişin verilməsi, tikintiyə nəzarət və bütün avadanlıqları işdə yoxlayıb qəbul etməyin öz çətinliyi və bunların arasında çox sayda gözlənilməz problemlərin ortaya çıxmasının da öz problemləri olur. Gəmiçiliyin mütəxəssisləri bütün bu problemləri vaxtında və layiqincə həll ediblər.

"Zərifə Əliyeva" gəmisinin əvvəlki gəmi-bərələrdən üstün cəhətləri çoxdur. Güc qurğularının etibarlığı və iqtisadi cəhətdən səmərəliliyi, naviqasiya avadanlıqlarının müasirliyi, vertolyot meydançasının olması və sair. Yeri gəlmişkən deyim ki, indiyədək DND-nin gəmilərində (bu seriyadan başqa) vertolyot meydançası olmamışdır.

Əlbəttə, belə möhtəşəm gəminin məhz Bakı Gəmiqayırma zavodunda ərsəyə gəlməsinin özü də çox sevindirici hadisədir. Zavodda inşa olunan hər belə gəmi ölkəmizin iqtisadi gücünə güc qatacaq, gəmiçiliyin inkişafına yeni təkan verəcək.

Artıq “Zərifə Əliyeva” gəmisi ilk səfərini uğurla başa vurub.

Əziz dənizçilər və AXDG ailəsi, sizin hər birinizi “Zərifə Əliyeva” gəmisinin istismara verilməsi və birinci səfərini uğurla başa vurması münasibəti ilə ürəkdən təbrik edir, müstəqil respublikamızın iqtisadi tərəqqisi, doğma gəmiçiliyimizin inkişafı naminə çətin və şərəfli işinizdə yeni-yeni nailiyyətlər, “Zərifə Əliyeva”ya isə sular qoynunda saysız uğurlu səfərlər arzulayıram.

Hörmətlə,
Şahid Orucov,
Azərbaycanın Əməkdar mühəndisi


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır