Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-24,
Seanews
Heyder Eliyev

Qlobal gəmi sifarişləri böhrandan əvvəlki səviyyələrə yaxınlaşır

Qlobal gəmi sifarişləri son bir ildə 27% artaraq 2008-ci il qlobal maliyyə böhranından əvvəlki dövrdən bəri ən sürətli artımı nümayiş etdirib.

“Seanews.az” xəbər verir ki, “Clarksons Research”in məlumatına görə, avqustun əvvəlinə dünya üzrə 9 012 gəmi sifarişdədir və onların ümumi tutumu 405,9 milyon GT təşkil edir. Bu göstərici 2020-ci illərin orta  səviyyəsindən təxminən 70% çoxdur.

2026-cı ilin ilk 7 ayında gəmi sahibləri 1 947 yeni gəminin tikintisi üçün sifariş veriblər. Onların ümumi tutumu 105,7 milyon GT-dir. Mövcud temp davam edərsə, illik sifariş həcmi 2007-ci ildə qeydə alınmış 173,7 milyon GT-lik rekord göstəriciyə yaxınlaşa bilər.

Yeni tonnaj sifarişlərində Yunanıstan gəmi sahibləri liderdir. Onları Çin və Sinqapur izləyir. “Clarksons Research” sifarişlərə tələbin bütün əsas gəmi seqmentlərində güclü olaraq qaldığını bildirir.

Hazırkı artımın səbəbləri arasında donanmanın yenilənməsi, yüksək fraxt dərəcələri və gələcək yanacaq və emissiya tələbləri ilə bağlı qeyri-müəyyənliklər göstərilir. Bununla yanaşı, Qırmızı dəniz və Hörmüz boğazındakı böhranlar, sanksiyalar və ticarət marşrutlarının dəyişməsi ton-mil tələbatını artıraraq gəmi tutumunun effektivliyini azaldır.

Ekspertlər isə sifarişlərin hazırkı tempinin davamlılığı ilə bağlı ehtiyatlıdırlar. Onların fikrincə, regionlardakı böhranların aradan qalxması ilə marşrutların normallaşması fraxt dərəcələrini və yeni gəmilərə tələbi azalda bilər. Bu səbəbdən əsas sual hazırkı artımın uzunmüddətli yeni “supertsikl”in başlanğıcı, yoxsa müvəqqəti tutum çatışmazlığının yaratdığı sifariş dalğası olmasıdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır