“BlackSea” üzən konteynerlər üçün pilotsuz yük gəmisi hazırlayır
ABŞ-nin pilotsuz qayıq istehsalçısı “BlackSea Technologies” Soyuq müharibə dövründə istifadə olunan LASH tipli yükdaşıyan gəmilərin konsepsiyasını yenidən işləyərək “NightTrain” adlı pilotsuz gəmi hazırlayır.
“Seanews.az” xəbər verir ki, yeni gəmi dayaz sularda və inkişaf etməmiş limanlarda yük daşınması üçün nəzərdə tutulub.
LASH gəmilərindən fərqli olaraq, “NightTrain” 40 tonluq barjalar əvəzinə su keçirməyən və suda üzə bilən ISO standartlı konteynerləri daşıyacaq. Gəminin gövdəsinin mərkəzində açıq yük bölməsi yerləşir və konteynerlər kranla deyil, su üzərində üzərək gəminin göyərtəsinə daxil olur.
Uzunluğu təxminən 26 metr olan gəmi ümumilikdə 70 tona yaxın yük daşıya, 11 düyün sürətlə hərəkət edə və təxminən 5 000 kilometr məsafə qət edə biləcək. Konstruktorların fikrincə, gəminin su səthinə çox yaxın hərəkət etməsi onun radarlar tərəfindən aşkarlanmasını çətinləşdirir.
“BlackSea Technologies” bildirir ki, “NightTrain” əsasən mübahisəli sularda və ənənəvi limanların, hava limanlarının və sabit logistika marşrutlarının təhlükəsiz olmadığı şəraitdə pilotsuz təchizat daşımaları üçün nəzərdə tutulur.
Hazırda gəminin alüminiumdan hazırlanmış prototipi inşa edilir və gövdənin böyük hissəsi tamamlanıb.

