• Bakı, 2022-07-05,
Seanews
Heyder Eliyev

"Dədə Qorqud" gəmisi əsaslı təmir olunub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyat Donanmasına məxsus “Dədə Qorqud” tankerinin əsaslı təmiri başa çatıb.

“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir işləri qısa müddətdə həyata keçirilib.

Təmir zamanı tankerin sualtı və suüstü hissələri, göyərtəsi, maşın şöbəsi təmizlənərək rənglənib. Baş və köməkçi mühərrik, nasoslar, separatorlar və kompressorlar təmir edilib.

Gəmidə gövdə-qaynaq, elektrik-quraşdırma və avtomatika işləri də yerinə yetirilib. Həmçinin, tankerdə yeni borular quraşdırılıb.

Rabitə və elektroradionaviqasiya sahəsinə aid yeni tip stasionar ultraqısa dalğalı radiostansiya, maqnit kompas, exolot, sürət ölçən qurğu, inmarsat peyk rabitə terminalı, qəza-xilasetmə radiostansiyalar və radiovericilər, Avtomatik İdentifikasiya Sistemi (AİS) və radiolokasiya stansiyası quraşdırılıb.

Eyni zamanda, “Dədə Qorqud” gəmisinin heyətinə məxsus yaşayış otaqları, sanitar qovşaqlar və yeməkxanalar yenilənib.

Təmirdən sonra tanker dəniz sınaq yoxlanışından uğurla keçib və yenidən xam neftin daşınmasına cəlb edilib.

Xatırladaq ki, “Dədə Qorqud” gəmisinin uzunluğu 152, eni 17,3 metr, dedveyti 13 min tondur.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır