Hindistan ilk təyyarədaşıyan gəmisinin sınaqlarını başa çatdırıb
Hindistanın öz istehsalı olan ilk təyyarədaşıyan gəmisi “Vikrant”-ın dəniz sınaqlarının dördüncü mərhələsi başa çatıb və bundan sonra gəmi ölkənin Hərbi Dəniz Qüvvələrinə qəbul edilə bilər.
Bu barədə Hərbi Dəniz Qüvvələrinin “Twitter” səhifəsində yazılıb.
“Seanews.az”-ın məlumatına görə, Hindistanın özünün inşa etdiyi ilk təyyarədaşıyan gəmisini müstəqilliyinin 75 illiyini qeyd edəcəyi gün - 2022-ci il avqustun 15-də milli donanmaya qəbul etmək istəyir.
Gəmi Rusiya istehsalı olan “MiQ”-29K/KUB” qırıcılarını, həmçinin Rusiyanın “Ka-31” və Amerikanın “MH-60R” helikopterlərini daşıyacaq. Lakin yerli mətbuatın məlumatına görə, Hindistan tərəfi təyyarələrin digər variantlarını da nəzərdən keçirir.
Təyyarədaşıyanın layihələndirilməsi işlərinə 1999-cu ildə başlanılıb, on il sonra gəminin özülü qoyulub və 2013-cü ilin avqustunda suya buraxılıb. Pandemiya təyyarədaşıyan gəminin avadanlıqları ilə bağlı işləri ləngidib.