Yaponiyanın ilk buzqıran Arktika tədqiqat gəmisini MOL istismar edəcək
Yaponiyanın tam buzqırma imkanlarına malik ilk Arktika tədqiqat gəmisi “Mirai II” istismara hazırlanır.
“Seanews.az” xəbər verir ki, Yaponiya Dəniz-Yer Elmləri və Texnologiyaları Agentliyi gəminin istismarı üçün Mitsui O.S.K. Lines (MOL) şirkəti ilə müqavilə imzalayıb.
Gəminin bu ilin sonunda təhvil verilməsi, ilk Arktika ekspedisiyasının isə 2027-ci ilin yayında keçirilməsi planlaşdırılıb.
MOL 2023-cü ildən gəminin istismarı üçün hazırlıq işləri aparır. Şirkət fevral ayında gəmidə xidmət göstərəcək dənizçilər üçün qütb şəraitində sağqalma təlimləri keçirib. Təlimlərə soyuq suda xüsusi geyimlə üzmə, sudan buzun üzərinə çıxma və buz üzərində fəaliyyət üzrə məşqlər daxil olub.
13 min qross ton tutumlu, 128 metr uzunluğundakı “Mirai II” əvvəlki “Mirai” gəmisindən daha böyük və imkanları daha genişdir. Gəmi 1,2 metr qalınlığında birillik düz buzu 3 düyün sürətlə fasiləsiz yarmaq qabiliyyətinə malikdir. Gəmidə 97 nəfərədək ekipaj üzvü və alim üçün yer nəzərdə tutulub.
“Mirai II” okean, hava və atmosfer şəraitinin tədqiqi ilə yanaşı, dəniz dibinin sonar vasitəsilə araşdırılması və çöküntü nümunələrinin götürülməsi üçün avadanlıqlarla təchiz ediləcək. Gəmidə pilotsuz suüstü və sualtı aparatların da istifadəsi planlaşdırılır.
Gəminin 2027 və 2028-ci illərdə Şimal qütbünə yaxın ərazilərə ekspedisiyalar həyata keçirməsi, 2029-cu ildə isə Şimal Buzlu okeanını keçməsi nəzərdə tutulub.

