“Blue Carrier 2” gəmisində yanğın hələ də davam edir
Yunanıstanın “Blue Carrier 2” ro-ro yük gəmisində 3 gün əvvəl başlayan yanğını söndürmək hələ də mümkün olmayıb. Yanğını nəzarət altına almaq üçün əməliyyatlar davam edir.
“Seanews.az” xəbər verir ki, gəmi Mikonos adasından yedəklənərək Tinos adasının cənub-qərbində, küləyin təsirindən qorunan əraziyə aparılıb. Göyərtəsində kimyəvi maddələrin olması yanğının davam etməsinə səbəb ola bilər.
Ərazidə ən azı beş yedək və digər işçi gəmisi xarici soyutma işlərinə cəlb olunub. Yanğının miqyasına görə gəminin tamamilə yararsız vəziyyətə düşə biləcəyi bildirilir. Gəminin cüzi yana əyildiyi, yanğının üst quruluş və idarəetmə körpüsü də daxil olmaqla ön hissəyə qədər yayıldığı qeyd olunur.
Yunanıstan Sahil Mühafizəsi yanğının səbəbləri ilə bağlı ilkin araşdırmaya başlayıb. İlkin ehtimallara görə, yanğın 4 nömrəli avtomobil göyərtəsindəki yük maşınında elektrik nasazlığı səbəbindən başlayıb.
Yanğın sentyabrın 25-də gəmi Mikonosun şimalında hərəkət edən zaman baş verib. Syrosdan Samosa gedən gəmidə 166 yük maşını və 29 avtomobil olub. Yanğınsöndürmə cəhdinin uğursuz olmasından sonra ekipaj gəmini tərk edib. 28 ekipaj üzvü və bir yük maşını sürücüsü təhlükəsiz şəkildə təxliyə olunub, xəsarət alan olmayıb.

