Nəhəng quru yük gəmisi altı gündən sonra dayazlıqdan çıxarılıb
Liberiya bayrağı altında üzən “Cape Falcon” quru yük gəmisi Avstraliyanın Kvinslend ştatının Qladston şəhəri yaxınlığında altı gün dayazlıqda qaldıqdan sonra suya çıxarılıb.
“Seanews.az” xəbər verir ki, 2022-ci ildə inşa edilən 182 066 ton dwt-lik gəmi sentyabrın 18-də Qladston limanına yaxınlaşarkən 6 dəniz mili şərqdə dayazlığa oturub. Onu çıxarmaq üçün əvvəlki iki cəhd uğursuz olub. Gəmi sentyabrın 24-də yüksək su səviyyəsi zamanı yedək gəmilərinin köməyi ilə dayazlıqdan çıxarılıb.
Hadisədən sonra “Cape Falcon” lövbər dayanacağına aparılıb. Avstraliya Dəniz Təhlükəsizliyi İdarəsi (AMSA) gəminin bütün təhlükəsizlik və normativ tələblərə cavab verdiyi təsdiqlənənədək onun istismarına icazə verməyəcək.
Hadisə ilə bağlı araşdırma aparılır. Gəminin gövdəsində zədələnmə, çirklənmə və xəsarət alanlar barədə məlumat yoxdur.

