Frat tariflərinin aşağı düşməsi "Maersk"in daşıma seqmentini I rübdə zərərə uğratdı
Qlobal konteyner daşımaları sahəsində bazarın əsas göstəricisi hesab olunan "Maersk" şirkəti bu ilin birinci rübündə maliyyə zərəri ilə üzləşib. Şirkətin baş direktoru Vinsent Klerk bildirib ki, daşıma həcminin 9%-dən çox artmasına və xüsusilə Çindən ixracın güclənməsinə baxmayaraq frat tariflərinin 14% aşağı düşməsi gəlirlərə ciddi zərbə vurub.
"Seanews.az" xəbər verir ki, tariflərin enməsinə əsas səbəb kimi bazarda gəmi təklifinin tələbi üstələməsi (artıq tutum) və yeni gəmilərin istifadəyə verilməsi göstərilir.
Maliyyə vəziyyətinə təsir edən digər mühüm amil isə yanacaq xərclərinin kəskin artmasıdır. CEO-nun sözlərinə görə, aylıq bunker yanacağı xərcləri təxminən üçdə iki nisbətində artaraq şirkətə hər ay əlavə 500 milyon dollara başa gəlir. Daxili xərclərə ciddi nəzarət edilməsinə və vahid xərclərin 7% azaldılmasına baxmayaraq "Maersk" bu artımı müştərilərə “yükləməyə” məcbur olub.
Gələcək perspektivlərə gəlincə, şirkət donanmanın yenilənməsi strategiyası çərçivəsində 2029-2030-cu illərdə təhvil verilmək üzrə səkkiz ədəd 18 600 TEU tutumlu yeni gəmi sifariş edib. Hazırda mövcud donanmanın istifadə dərəcəsi 96%-ə yüksəlsə də, şirkətin altı gəmisi hələ də Fars körfəzində bloklanmış vəziyyətdə qalır. "Maersk" bu il qlobal konteyner bazarında 2%-dən 4%-ə qədər artım proqnozlaşdırır.

