Lövbərləmə mübahisəsi ABŞ Vircin adalarına yük daşınmasını dayandırıb
ABŞ Sahil Mühafizəsi təhlükəsizlik səbəbindən “Water Spirit 2” və “Admiral Pride” yük gəmilərinə San-Xuan limanındakı 10 nömrəli körpüdə “Aralıq dənizi tipli lövbərləmə” (med-mooring) üsulundan istifadə etməyi qadağan edib. Qurumun rəsmisi Luis X. Rodriqes bildirib ki, dar gəmiçilik kanalında gəmilərin bu üsulla lövbər salması kruiz laynerlərinin və digər dəniz nəqliyyatının hərəkətinə ciddi maneə yaradır.
“Seanews.az” xəbər verir ki, qərara əməl edilməməsi halında gəmi operatorlarını hər gün üçün 120 min dollaradək cərimə gözləyir.
Hər iki kiçik Ro-Ro gəmisi San-Xuan regional habından qonşu adalara, xüsusən də ABŞ Vircin adalarına müntəzəm yük daşımaları həyata keçirir. Limanda alternativ yanalma körpüsü tapılmadığı üçün gəmilərin fəaliyyəti dayanıb və bu durum adalarda ciddi narahatlığa səbəb olub. Vircin Adaları Port Administrasiyası xəbərdarlıq edib ki, gəmilərin fəaliyyətinin dayandırılması bu xidmətlərdən asılı olan yerli sakinlərin və biznesin tədarük zəncirinə birbaşa mənfi təsir göstərəcək.

