ASCO-nun bərələri ilə daşınan TIR və avtotexnika daşımalarının həcmi artıb
AZCON Holding şirkətlərindən olan "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) gəmi-bərələri ilə TIR və avtotexnika daşımalarının həcmi cari ilin iyul ayında ötən ilin eyni ayı ilə müqayisədə əhəmiyyətli dərəcədə artıb.
Belə ki, 2026-cı ilin iyulunda bərələrlə 108 649 ton TIR və avtotexnika daşınıb. Ötən ilin iyulunda bu göstərici 78 299 ton olub. Nəticədə aylıq daşımaların həcmi 30 350 ton və ya 39 faiz artıb.
TIR və avtotexnika daşımaları ədədlə ifadədə də artım göstərib. Cari ilin iyulunda bərələrlə 4 282 ədəd TIR və avtotexnika daşınıb. 2025-ci ilin iyulunda isə bu rəqəm 3 125 ədəd təşkil edib. Beləliklə, iyul ayında daşımalarda 37 faiz artım qeydə alınıb.
Bu ilin yeddi ayının nəticələrinə görə isə ASCO bərələri ilə ümumilikdə 623 682 ton TIR və avtotexnika daşınıb. Ötən ilin eyni dövründə bu göstərici 565 224 ton olub. Bu, 58 458 ton və ya 10 faiz çoxdur.
TIR və avtotexnika daşımaları sözügedən müddətdə ədədlə ifadədə də yüksəlib. Hesabat dövründə bərələrlə 23 824 ədəd TIR və avtotexnika daşınıb. 2025-ci ilin yanvar-iyul aylarında isə bu rəqəm 22 395 ədəd olub. Beləliklə, yeddi ay ərzində daşımalar 6 faiz artıb.

