Panama kanalında məhdudiyyətlər gəmiçilik üzrə əlavə ödənişləri artırır
Panama kanalında su səviyyəsinin aşağı düşməsi iri gəmilər üçün oturma üzrə məhdudiyyətlərin sərtləşdirilməsinə səbəb olub. Bu isə kanaldan keçən yüklərin daşınma xərclərini artırıb. “CMA CGM”, “Hapag-Lloyd” və “MSC” Şimali Amerikaya daşınan yüklər üçün əlavə ödənişləri yüksəldib.
“Seanews.az” xəbər verir ki, “CMA CGM” sentyabrın 10-dan Uzaq Şərqdən ABŞ-nin Şərq sahili və Meksika körfəzinə Panama kanalı vasitəsilə daşınan yüklər üzrə əlavə ödənişi TEU başına 320 dollardan 500 dollara qaldıracaq. “Hapag-Lloyd” avqustun 15-dən analoji daşımalar üçün TEU başına 130 dollar əlavə ödəniş tətbiq edib.
“MSC” isə sentyabrın 12-dən Cənub-Şərqi Asiya, Çin, Cənubi Koreya və Yaponiyadan ABŞ-nin Şərq sahili və Meksika körfəzinə daşınan yüklər üzrə əlavə ödənişi konteynerin ölçüsündən asılı olaraq 149-376 dollar müəyyənləşdirəcək.
Məhdudiyyətlər və artan tələbat Panama kanalında sıxlığı da gücləndirib. Bəzi istiqamətlərdə “Neopanamax” gəmilərinin növbəsiz keçid üçün gözləmə müddəti 10 günə çatır, növbədəki gəmilərin sayı isə 100-ü keçir.
Kanal İdarəsinin məlumatına görə, 2026-cı maliyyə ilinin ilk yarısında kanaldan 6 288 gəmi keçib ki, bu da illik müqayisədə 3,7% çoxdur. Hörmüz boğazı və Qırmızı dəniz kimi riskli marşrutlardan yayınan gəmilərin Panama kanalına yönəlməsi tələbatı daha da artırıb.

