Qlobal konteyner limanlarında tıxac pandemiya dövrünün rekordunu üstələyib
Dünyanın konteyner limanlarında tıxacların səviyyəsi COVID-19 pandemiyası dövründəki rekord həddi keçib.
“Seanews.az” xəbər verir ki, “Linerlytica”nın məlumatına görə, hazırda limanlarda yanalma növbəsində 4,3 milyon TEU konteyner tutumu var. Pandemiya dövründə qeydə alınmış rekord isə 4 milyon TEU olub.
Bununla belə, hazırkı göstərici qlobal konteyner donanmasının 12,6%-ni təşkil edir. Bu, 2022-ci ildəki 15,7%-lik pik səviyyədən aşağıdır.
Tıxacların son artımında Şərqi Asiya əsas rol oynayır. Tropik fırtınalar Çində limanların fəaliyyətini və gəmi qrafiklərini pozub. Şanxayda 139, Ninboda isə 77 gəmi yanalma növbəsində gözləyir. Şanxayın Yanqşan terminallarında bəzi gəmilərin gözləmə müddəti 7–8 günə çatır.
“Sea-Intelligence”in hesablamalarına görə, gecikmələr hazırda təxminən 1,7 milyon TEU-luq effektiv gəmi tutumunu bazardan çıxarıb. Gəmi qrafiklərinin etibarlılığı isə 60–65% səviyyəsində qalır.
Konteyner gəmilərinin çatışmazlığı yükdaşıma tariflərini də yüksək səviyyədə saxlayır. Şanxay Konteynerləşdirilmiş Yükdaşıma İndeksi (SCFI) İran müharibəsi başlayandan bəri 156% artıb.
Panama kanalında sentyabrdan etibarən gündəlik keçidlərin azaldılması vəziyyəti daha da çətinləşdirə bilər.

