Süveyş kanalında konteyner gəmisi qəzaya uğrayıb
Misirin Süveyş kanalında qəzaya uğrayan konteyner gəmisi nəqliyyatın bir hissəsinin dayanmasına səbəb olub. Kanalın rəhbərliyi bildirib ki, qəzanın nəticəsi aradan qaldırıldıqdan sonra gəmilərin hərəkəti bərpa olunub.
AZƏRTAC “Əl Ərəbiyə” telekanalına istinadla xəbər verir ki, Liberiya bayrağı altında üzən və Malayziyadan Portuqaliyaya doğru yola çıxan “MSC İSTANBUL” adlı konteyner gəmisi nasazlıq səbəbindən gəmilərin keçidini bağlayıb. Konteyner gəmisini kənara çəkmək və naviqasiyanı bərpa etmək üçün dörd yedək gəmisi cəlb olunub. Süveyş kanalı İdarəsinin rəisi Osama Rabiye jurnalistlərə müsahibəsində bildirib ki, beşinci yedək gəmisi “MSC İSTANBUL”un yenidən üzə bilməsini təmin edib. Onun sözlərinə görə, bu proses uğurla başa çatdırılıb.
Süveyş kanalının rəisi əlavə edib ki, qəza müddətində şimal istiqamətindən gələn bütün gəmilər normal tranzit kursunu davam etdirib, cənubdan gələn nəqliyyat gəmiləri isə qərb kanalı əvəzinə şərq kanalı ilə tranzitə yönəldilib.
Süveyş kanalı Avropa və Asiyanı birləşdirən ən sürətli və birbaşa dəniz yoludur. O, həm də Misir hökuməti üçün əsas xarici valyuta mənbələrindən biridir. 2021-ci ildə dünyanın ən böyük konteyner gəmilərindən biri kanalda ilişib qalmışdı və bir həftə ərzində su yolu ilə nəqliyyatın hərəkəti dayanmış, qlobal yük daşımaları və beynəlxalq dəniz ticarətinə ciddi ziyan dəymişdi.

