Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Moldova hökuməti dövlət limanının satışı ilə bağlı məlumatı təkzib edib

Moldova hökuməti Giurgiulesti dövlət limanını satmaq fikrində deyil.

“Seanews.az” xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Daniel Voda milli medianın sorğusuna cavab olaraq “Telegram”-da bildirib.

“Mən Giurgiulesti Beynəlxalq Azad Limanı ətrafındakı vəziyyətlə bağlı milli mediadan bir neçə sorğu almışam... Dövlətə məxsus limanın satışı ilə bağlı heç bir müzakirə aparılmır. Yükaşırma mərkəzində iki liman var: Avropa Yenidənqurma və İnkişaf Bankına (AYİB) məxsus Giurgiulesti Beynəlxalq Azad Limanı və Moldovaya məxsus dövlət limanı. AYİB Rumıniya, Türkiyə, Niderland və Danimarka da daxil olmaqla bir neçə potensial investorla danışıqlar aparır”, -  deyə Daniel Voda aydınlıq gətirir.

Xatırladaq ki, Avropa Yenidənqurma və İnkişaf Bankı vaxtilə Dunayda limanın tikintisinə 27,5 milyon dollar ayırmış, bununla da Moldovanın Qara dənizə çıxışı təmin edilmişdi.

Giurgiulesti Beynəlxalq Azad Limanı Qara dənizdən 133,8 km (72,2 dəniz mili) məsafədə, Dunay çayının sahilində yerləşir. Liman həm kabotaj gəmilərini, həm də dəniz gəmilərini qəbul edir. Moldovanın məhdud məsuliyyətli şirkəti olan “Danube Logistics” Giurgiulesti Beynəlxalq Azad Limanının baş investoru və operatorudur. 2004-cü ilin dekabrında şirkət Moldova hökuməti ilə liman layihəsinin inkişafı üzrə investisiya sazişi imzalayıb. “Danube Logistics” Niderlandın “Danube Logistics Holding BV”-nin törəmə şirkətidir, qrupun yeganə əsas sahibi Avropa Yenidənqurma və İnkişaf Bankıdır.

2023-cü ildə Giurgiulesti beynəlxalq azad limanında yüklərin aşırılması 18,6% artaraq 2,17 milyon ton təşkil edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır