Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Rumıniya Moldovada azad limanın alınması ilə bağlı danışıqlar aparacaq

Rumıniya hökuməti Moldovada Giurgiulesti Beynəlxalq Azad Limanının (GIFP) alınması ilə bağlı Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə danışıqların başlanmasını təsdiqləyib. Əməliyyatın Nəqliyyat və İnfrastruktur Nazirliyinin yurisdiksiyasında olan “Administratia Porturilor Maritime SA Constanta” milli şirkəti vasitəsilə başa çatdırılması planlaşdırılır.

“Seanews.az” xəbər verir ki, bu barədə Rumıniya hökumətinin nümayəndəsi Mixay Konstantin bildirib.

“Hökumət Moldova Respublikasındakı Giurgiulesti Beynəlxalq Azad Limanının alınması ilə bağlı Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə danışıqlara başlamağı bəyəndiyi barədə memorandum qəbul edib və bu sənəd əsasında danışıqlar komissiyası yaradılacaq”, - deyə o əlavə edib.

Onun sözlərinə görə, sövdələşmənin nəticəsi AYİB-ə məxsus “Duna Logistics” şirkətinin Giurgiulesti Beynəlxalq Azad Limanında səhmlərinin alınması olacaq ki, bu da yük axınlarını optimallaşdıracaq və Rumıniyanın Konstansa limanını Avropanın bu hissəsində mühüm yükdaşıma məntəqələrindən birinə çevirəcək.

“PortNews” xəbər verir ki, bundan əvvəl Moldova hökuməti Giurgiulesti dövlət limanının satışı ilə bağlı məlumatı təkzib edərək izah edib ki, söhbət yalnız Giurgiulesti Beynəlxalq Azad Limanının satışından gedir.

Qara dənizdən 133,8 km (72,2 dəniz mili) məsafədə, Dunay çayının sahilində yerləşən Giurgiulesti Beynəlxalq Azad Limanı həm kabitaj, həm də dəniz gəmilərini qəbul etməyə qadirdir. Moldovanın məhdud məsuliyyətli şirkəti olan “Danube Logistics” GIFP-nin sahibi, baş investoru və operatorudur. 2004-cü ilin dekabrında şirkət Moldova hökuməti ilə liman layihəsinin inkişafı üzrə investisiya sazişi imzalayıb. “Danube Logistics” Niderlandın “Danube Logistics Holding BV”-nin törəmə şirkətidir, qrupun yeganə əsas sahibi AYİB-dir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır