Danimarka Anakliya limanı üçün dalğaqıran modelini sınaqdan keçirir
Kopenhagendə (Danimarka) Gürcüstanın Anakliya dərin su limanının ümumi layihəsi çərçivəsində dalğaqıran modelinin laboratoriya sınaqları aparılıb. Onlar “Anakliya Dəniz Limanı” MMC, “Jan De Nul - Prime Concrete”birgə müəssisəsi və beynəlxalq mühəndislik və layihə şirkəti “Royal Haskoning DHV” (subpodratçı) arasında bağlanmış müqavilə əsasında həyata keçirilib.
“Seanews.az” Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu işdə “Jan De Nul”-un tərəfdaşları və podratçıları da iştirak ediblər.
Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Quram Quramişvilinin aydınlaşdırdığı kimi, hazırda Anaklia dərinsulu limanının layihələndirilməsi və tikintisi davam edir. Dalğaqıranın sınaqları dəniz infrastrukturu sahəsində laboratoriya tədqiqatları və sınaqlar üzrə ixtisaslaşmış “DHI” şirkəti tərəfindən həyata keçirilir.
“Proses qabaqcıl hidrotexniki metodologiyadan istifadə etməklə həyata keçirilir ki, bu da Anakliya limanında dayanıqlı dəniz infrastrukturuna nail olmağa imkan verəcək. Bu, ilin istənilən vaxtında gəmilərin giriş-çıxışını təmin edəcək”, - deyə Quram Quramişvili bildirib.
“DHI” tərəfindən aparılan fiziki modelin “3D” dalğa sınağından əlavə, dalğaqıran konfiqurasiyası və tədqiqatın növbəti mərhələsinin planı Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi ilə razılaşdırılıb.
Anakliya limanının tikintisinin başlanması hələ 2017-ci ildə elan edilmişdi, lakin sonradan işlər dayandırılmışdı və 2020-ci ilin yanvarında Gürcüstan hakimiyyəti investor maliyyə öhdəliklərini yerinə yetirə bilmədiyinə görə, Anakliya İnkişaf Konsorsiumu ilə müqaviləni ləğv etdi. 2024-cü ilin sentyabrında tenderdən sonra Belçikanın “Jan De Nu”l şirkəti ilə Anakliya dərin su limanının dəniz infrastrukturunun tikintisinə dair müqavilə imzalandı.
Bundan əvvəl tikintinin dövlət-özəl tərəfdaşlığı çərçivəsində aparılacağı, burada səhmlərin 51%-nin dövlətə, 49%-nin isə özəl şirkətə məxsus olacağı da əvvəllər dəqiqləşdirilmişdi. Plana əsasən, Anakliya limanının birinci mərhələsinin ötürücülük qabiliyyəti ildə 7,8 milyon ton olacaq.