“Hapag-Lloyd” donanmasının istixana qazları emissiyalarını 2045-ci ilə qədər sıfra endirəcək
“Hapag-Lloyd” 2024-cü ilin oktyabrında sifariş verilən 24 konteyner gəmisinin tikintisi üçün “yaşıl maliyyələşdirmə”dən istifadə edəcək.
“Seanews.az” xəbər verir ki, ümumi tutumu 312 min TEU olacaq yeni gəmilərin inşası üçün təxminən 4 milyard dollar investisiya lazımdır.
Daşıyıcı özü bir sıra konteyner gəmilərinin tikintisinə öz vəsaitindən 900 milyon dollar ayıracaq. Daha 500 milyon dollar iki bank tərəfindən kredit şəklində veriləcək, 1,8 milyard dollar lizinq şirkətləri, daha 1,1 milyard dollar isə Çin İxrac və Kredit Sığorta Korporasiyası (Sinosure) vasitəsilə yatırılacaq.
Xarici maliyyələşdirmə 10 ildən 18 ilə qədər geri qaytarılma müddəti ilə ümumi investisiyanın 80%-ni təşkil edəcək və “Green Financing Framework” əsasında həyata keçiriləcək.
“Hapag-Lloyd”-un strategiyasına görə, onun donanmasının istixana qazları emissiyaları 2045-ci ilə qədər sıfra enəcək.
Bu seriyanın bütün konteyner gəmiləri Çində tikiləcək. LNG ilə işləyən və iki yanacaqlı mühərriklərlə təchiz olunacaq konteynerdaşıyanlar, həmçinin biometan və ammonyakdan yanacaq kimi istifadə edə biləcək.
Gəmilər 2027-ci ildən 2029-cu ilə qədər mərhələlərlə təhvil veriləcək.