Hindistanda yeni təyyarədaşıyan gəminin tikintisi 10-12 il çəkəcək
Hindistan Hərbi Dəniz Qüvvələri “Vikramaditya” təyyarədaşıyan gəmisini 10-12 ildən sonra istismardan çıxarmaq niyyətindədir.
“Seanews.az” xəbər verir ki, bu barədə Hərbi Dəniz Qüvvələri komandanlığındakı mənbələrə istinadən “The Print” nəşri məlumat yayıb.
Bu, “Vikramaditya”nı əvəz edəcək yeni Hindistan təyyarədaşıyıcısının inşası üçün lazım olan vaxtdır. Nəşrin mənbələrinin bildirdiyinə görə, Hindistan hökuməti gələcəkdə milli Hərbi Dəniz Qüvvələrinin əsas zərbə qüvvəsinə çevrilməli olan sualtı qayıqların tikintisinə diqqəti cəmləmək üçün Hərbi Dəniz Qüvvələrində əvvəllər nəzərdə tutulan üç təyyarədaşıyan əvəzinə, iki təyyarədaşıyan gəminin olmasını optimal hesab edir.
Qeyd edək ki, “Vikramaditya” (keçmiş “Admiral Qorşkov”) təyyarədaşıyan gəmisi 2013-cü ilin noyabrında “Sevmaş” müəssisəsində modernləşdirildikdən sonra Hindistan Hərbi Dəniz Qüvvələrinə verilib. 2004-cü ildə Yeni Dehlidə imzalanmış hökumətlərarası sazişlər paketinə əsasən, Hindistan “Sevmaş”da modernləşdirilməsi və Rusiya istehsalı olan aviaqrupla təchiz edilməsi şərti ilə gəminin gövdəsini pulsuz ədə edib.
Təmirdən sonra yükgötürmə qabiliyyəti 45 min tona çatdırılan gəmi “MiQ-29K” təyyarələri və “Ka-27” və “Ka-31” helikopterləri də daxil olmaqla 30 təyyarə daşıya bilir.