“DP World” terminallarının konteyner dövriyyəsi 88 milyon TEU-nu keçib
“DP World” limanları və terminallarının (Dubay, BƏƏ) konteyner dövriyyəsi 2024-cü ildə 8,3% artaraq 88,3 milyon TEU olub ki, bu da davam edən geosiyasi gərginliklərə, qlobal təchizat zəncirindəki dəyişkənliyə və risklərə baxmayaraq rekord sayılır.
“Seanews.az” xəbər verir ki, digər “DP World” limanları arasında yük dövriyyəsinə görə lider Cənubi Amerikanın qərb sahilində yerləşən Posorja terminalı (Ekvador) olub. Hesabat dövründə bu terminalda təxminən 1 milyon TEU (+87%) işlənib.
San Antonio (Çili), Yarimka (Türkiyə), Çennai (Hindistan), Kallao (Peru), Antverpen (Belçika) və London Gateway (Birləşmiş Krallıq) terminallarında ikirəqəmli artım müşahidə olunub. “DP World”-ün flaqman limanı Jabal Ali (Dubay, BƏƏ) də 2023-cü illə müqayisədə 7% artım göstərib.
Qeyd edək ki, “DP World” dəniz terminallarının beynəlxalq operatoru, logistika və digər xidmətlərin təminatçısıdır. “DP World” altı qitədə 45-dən çox limanda 150-dən çox dəniz terminalı şəbəkəsini idarə edir.