Hindistan milli konteyner xətti yaradacaq
Hindistan hökuməti ölkənin xarici daşıyıcılardan asılığını azaltmaq üçün milli konteyner xətti yaratmağı düşünür. “Bharat Container Line” adlandırılacaq yeni xəttin həm dövlət, həm də özəl şirkətlərə məxsus olacağı gözlənilir.
“Seanews.az” “The Loadstar” nəşrinə istinadən xəbər verir ki, yeni xətt üçün 100-ə yaxın konteyner gəmisi alınacaq və icarəyə götürüləcək.
Ümumilikdə, Hindistanın Limanlar, Gəmiçilik və Su Yolları Nazirliyinin qeyd etdiyi kimi, təxminən 3 milyard dollarlıq planın tərkib hissəsi olan bu layihənin məqsədi Hindistan bayrağı altında üzən gəmilərin qlobal bazarda payını 2047-ci ilə qədər 20%-ə çatdırmaqdır.
“İxracatçılar və istehsalçılar tədarük zəncirlərinə təsir edən xarici daşıyıcıların fəaliyyətinə məhdudiyyətlər qoyulmasını tələb edirlər. Söhbət yük tariflərinin artırılmasından və Hindistan yüklərinin daşınması üçün əlavə rüsumların alınmasından gedir”, - nəşr yazır.
Hindistan İxrac Təşkilatları Federasiyası (FIEO) Hindistan mallarının beynəlxalq bazarlarda rəqabət qabiliyyətini artırmaq üçün əsas marşrutlarda məhz Hindistan bayraqlı gəmilərdən istifadəyə çağırıb.
Hindistan İxrac Təşkilatları Federasiyası xüsusilə vurğulayır ki, "əgər yeni şirkətin bu cür marşrutlardakı payı 25%-ə çatarsa, bu, Hindistana ildə 50 milyard dollara qənaət etməyə imkan verəcək, həmçinin kiçik və orta biznesə xarici daşıyıcıların təzyiqini əhəmiyyətli dərəcədə azaldacaq”.