Çin Valensiya limanının əsas ticarət tərəfdaşıdır
2025-ci ilin yanvarında İspaniyanın Valensiya limanının konteyner dövriyyəsi ötən ilin eyni ayı ilə müqayisədə 5,4% artaraq 412,7 min TEU-dan çox olub.
“Seanews.az” liman administrasiyasının hesabatına istinadən bildirir ki, limanın ümumi yük dövriyyəsi 1,4% azalaraq 6 milyon tona düşüb.
340,3 min ton (+1,5%) maye yüklər, 209,6 min ton (+7%) toplu və dənəvər yüklər, 1,17 milyon ton (-3,9%) konteynersiz ümumi yüklər, 4,3 milyon ton (-1,3%) konteynerləşdirilmiş ümumi yüklər aşırılıb.
Yanvarda 2,4 milyon ton ixrac yükü (-4,4%), 2,8 milyon ton idxal yükü (+1%) işlənib. Bundan əlavə, ixrac yüklü konteynerlərin aşırılması 9,9% artıb.
Liman rəhbərliyi hesabat dövründə Avstraliya, Vyetnam və Banqladeşlə konteyner dövriyyəsinin artdığını qeyd edib. Xüsusilə, Avstraliya ilə əlaqəli işlənmiş konteyner yükləri demək olar ki, 99%, Banqladeşlə 95,3%, Vyetnamla isə 81,4% artıb. Çin isə Valensiya limanının əsas ticarət tərəfdaşı olaraq qalıb: Valensiya ilə Çin limanları arasında yük axını 53,2% artaraq 67,5 min TEU təşkil edib.
Yanvarda Valensiya limanında sərnişinlərin sayı 5,7% azalaraq 70 min nəfərə düşüb.