Somali sahillərində tankerə silahlı hücum olub
"Stolt Tankers" şirkətinə məxsus kimyəvi tanker Somali sahilləri yaxınlığında dəniz quldurlarının silahlı hücumuna məruz qalıb.
"Seanews.az" xəbər verir ki, bu barədə dəniz təhlükəsizliyi üzrə ixtisaslaşmış "Vanguard Tech" şirkəti məlumat yayıb.
Kayman adaları bayrağı altında üzən “Stolt Sagaland” adlı tanker hadisə zamanı Mogadişudan təxminən 332 dəniz mili cənub-şərqdə, Somali Respublikasının xüsusi iqtisadi zonasının daxilində hərəkətdə olub.
"Vanguard Tech" bildirir ki, dörd silahlı şəxs qayıqla tankerə yaxınlaşaraq atəş açıb. Gəmi heyəti dərhal həyəcan siqnalı verib, sürəti artıraraq manevrlər edib. Gəmidə yerləşən silahlı mühafizə qrupu cavab atəşi açaraq hücumu dəf edib.
Hadisə nəticəsində xəsarət və ya zərər qeydə alınmayıb. Gəmi toqquşmadan sonra öz marşrutu üzrə hərəkətini davam etdirib.
2008-ci ildə inşa olunmuş 44 000 ton dedveyta malik bu super-seqreqator tipli tanker hadisə zamanı Səudiyyə Ərəbistanının Əl-Cubayl limanından yola çıxmış və növbəti təyinat limanına doğru hərəkət edirmiş.
Hadisə həm Böyük Britaniya Dəniz Ticarəti Təşkilatı (UKMTO), həm də özəl təhlükəsizlik şirkəti "Ambrey" tərəfindən təsdiqlənib.

