"AD Ports" Suriyanın Latakiya konteyner terminalına sərmayə yatırır
"AD Ports Group" Fransa şirkəti "CMA CGM Group" ilə müqavilə imzalayaraq Suriyanın Latakiya Beynəlxalq Konteyner Terminalının (LICT) 20 faiz payını 81 milyon dirhəm (təxminən 22 milyon ABŞ dolları) məbləğində əldə edib.
"Seanews.az" xəbər verir ki, müqaviləyə əsasən, Əbu-Dabidə yerləşən liman və logistika qrupu "CMA CGM" ilə birlikdə terminalın idarəçiliyində və gələcək genişlənmə layihələrində iştirak edəcək.
Hazırda bu terminal Suriyanın konteyner dövriyyəsinin 95 faizindən çoxunu təmin edir və əsasən kənd təsərrüfatı məhsulları ilə sənaye mallarının ixracını həyata keçirir. Hazırda terminalın illik emal gücü təxminən 250 min TEU təşkil edir və 2026-cı ilə qədər bu göstəricinin 625 min TEU-ya çatdırılması planlaşdırılır.
"CMA CGM Group"-a məxsus törəmə şirkət "CMA Terminals" Latakiya terminalını 2009-cu ildən idarə edir.
"AD Ports Group" bildirib ki, tərəfdaşlıq çərçivəsində infrastrukturun modernləşdirilməsi, rəqəmsal sistemlərin təkmilləşdirilməsi və əməliyyat səmərəliliyinin artırılması nəzərdə tutulur. Məqsəd Latakiyanın Şərqi Aralıq dənizi regionunun əsas ticarət qapılarından biri kimi mövqeyini bərpa etməkdir.

