Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-12-17,
Seanews
Heyder Eliyev

Bütün dünya okeanlarında “plastikofaq” bakteriyaları aşkarlanıb

Alimlər Dünya okeanında plastiki parçalaya bilən bakteriyalar aşkar ediblər. Kral Abdullah Elm və Texnologiya Universitetinin (KAUST) mütəxəssislər qrupunun apardığı araşdırma nəticəsində ən çox yayılmış plastik tullantı növlərindən biri olan polietilentereftalatın (PET) da daxil olduğu polimerlərin parçalanmasında fəal iştirak edən mikrob icmaları müəyyən edilib.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, okean mikrobiomasının öyrənilməsi üzrə beynəlxalq “Tara Oceans” layihəsi çərçivəsində toplanan su və çöküntü nümunələrinin təhlili sintetik polimerlərin fermentativ parçalanmasına cavabdeh olan genləri müəyyən etməyə imkan verib. Bu genlərin tropik Atlantika sularından tutmuş Cənubi Okeanın soyuq axınlarına qədər bütün dünya okeanlarında geniş yayıldığı müəyyən edilib.

Tədqiqatın aparıcı müəllifi, doktor Xalid Əl-Harbi bildirib ki, tapıntı təbii mikroorqanizmlərin təkamül nəticəsində antropogen çirklənməyə uyğunlaşdığını sübut edir. “Bu cür ucqar və zahirən toxunulmamış okean ərazilərində belə genləri tapacağımızı gözləmirdik. Bu, plastik çirklənmənin hətta ən uzaq ekosistemlər üçün də qlobal problemə çevrildiyini göstərir”, – deyə alim qeyd edib.

Tədqiqatda xüsusi diqqət 2016-cı ildə Ideonella sakaiensis bakteriyasında aşkar edilmiş PETase zülalına bənzər fermentlərə yönəlib. Bu fermentlər PET-i monomerlərə parçalayaraq mikroorqanizmlərin karbon və enerji mənbəyi kimi istifadə etməsinə şərait yaradır. Yeni araşdırmada bu fermentləri kodlayan həm məlum, həm də əvvəllər təsvir olunmamış gen variantları müəyyən edilib.

Alimlərin sözlərinə görə, araşdırmanın nəticələri bioremediasiya – canlı orqanizmlər vasitəsilə ətraf mühitin təmizlənməsi texnologiyalarının inkişafı üçün yeni imkanlar açır. Bununla belə, tədqiqatçılar bildirirlər ki, təbii şəraitdə plastikin bioloji parçalanması çox yavaş gedir və mövcud çirklənmənin miqyasını kompensasiya edə bilmir.

“Bu bakteriyalar panaseya deyil”, – deyə doktor Əl-Harbi əlavə edib ki, əsas həll yolu birdəfəlik plastikin istehsalının azaldılmasıdır.

“Microbiome” jurnalında dərc olunan tədqiqat, həmçinin okeanların mikrob müxtəlifliyinin qorunmasının gələcəyin davamlı texnologiyaları üçün mühüm potensiala malik olduğunu vurğulayır. Alimlər gələcəkdə müəyyən edilmiş genlərin funksiyalarını və onların laboratoriya və sənaye şəraitində tətbiq imkanlarını daha dərindən öyrənməyi planlaşdırırlar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır