Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-12-17,
Seanews
Heyder Eliyev

Sinqapur boğazında bərə ilə tanker toqquşub

İndoneziya ilə Sinqapur arasında hərəkət edən “Horizon 9” sərnişin bərəsi Sinqapur boğazında kimyəvi məhsullar daşıyan “La Digue” tankeri ilə toqquşub.

"Seanews.az" xəbər verir ki, bu barədə Sinqapurun Dəniz və Liman İdarəsi (MPA) məlumat yayıb. Bildirilib ki, hadisə 10 noyabr tarixində yerli vaxtla saat 17:00 radələrində ölkənin cənub adaları yaxınlığında baş verib.

Hadisə barədə məlumat daxil olduqdan dərhal sonra MPA-nın patrul kateri qəza yerinə göndərilib və “Horizon 9” bərəsi Sinqapurun “Harbourfront” regional bərə terminalına qədər müşayiət olunub. Bərədəki 165 sərnişin və yeddi ekipaj üzvü təhlükəsiz şəkildə təxliyə edilib.

İdarənin açıqlamasında qeyd olunur ki, bərənin burun hissəsində su xəttinin yuxarısında qismən zədələnmə müşahidə edilsə də, o, tam işlək vəziyyətdə terminala qayıdıb. “La Digue” tankerinin isə hər hansı zədələnməsi qeydə alınmayıb. Hadisə nəticəsində nə dəniz mühiti çirklənib, nə də xəsarət alan olub.

"Equasis" məlumat bazasına görə, Marşal adalarının bayrağı altında üzən “La Digue” tankerinin operatoru Danimarkanın “Norden” şirkətidir.

MPA hadisə ilə bağlı rəsmi araşdırmaya başladığını açıqlayıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır