"Dənizçilik sektorunun gələcəyini texnologiya deyil, insanlar müəyyən edəcək"
"Qlobal gəmiçilik ən böyük dəyişiklik mərhələsinə daxil olur və bu prosesin əsas hərəkətverici qüvvəsi texnologiya deyil, məhz insanlar olacaq."
"Seanews.az" xəbər verir ki, bu barədə "London International Shipping Week 2025" çərçivəsində keçirilən "International Shipowning and Shipmanagement Summit" (ISSS) tədbirində dənizçilik sənayesinin aparıcı nümayəndələri bildiriblər.
Tədbir “Inmarsat” və “Viasat” şirkətlərinin London nümayəndəliklərində təşkil edilib.
Zirvədə “Anglo Eastern” şirkətinin baş icraçı direktoru Bjorn Hojqard, “Columbia Group”un prezidenti və baş icraçı direktoru Mark Oneil, “Wallem Group”un kommersiya direktoru Luis Benito, “Bernhard Schulte Shipmanagement”in baş icraçı direktoru və “InterManager” təşkilatının prezidenti Sebastian Hardenberg, həmçinin “V.Group”un baş icraçı direktoru Rene Kofod-Olsen çıxış ediblər.
Məruzələrdə dənizçilik sənayesində dəyişikliklərin sürətləndiyi və insan faktorunun əvəzolunmaz rolunun daha da ön plana çıxdığı vurğulanıb. Qeyd olunub ki, gəmilərin təhlükəsiz və dayanıqlı istismarını təmin edən əsas qüvvə texnoloji sistemlərdən çox, həmin sistemləri idarə edən peşəkar heyətdir.
Tədbirdə bildirilib ki, dəyişən şərtlər fonunda idarəetmədə çevik yanaşmanın tətbiqi, dənizçilərin hüquqlarının qorunması və onların digər sahələrlə rəqabət imkanlarının artırılması vacibdir. Əlavə edilib ki, təhlükəsizlik tələbləri dəyişməz xarakter daşıyır və bütün texnoloji yeniliklər bu prinsiplərə uyğun şəkildə tətbiq olunmalıdır.

