"MSC"-nin ikinci əl donanması 461 gəmiyə çatıb
"Mediterranean Shipping Co"-nun (MSC) ikinci əl konteyner gəmilərinin ümumi sayı 461-ə yüksəlib.
"Seanews.az" xəbər verir ki, bir müddət əvvəl 7 milyon TEU həddini aşaraq dünyanın ən böyük konteyner daşıyıcısı statusunu möhkəmləndirən şirkət donanmasına daha üç köhnə gəmini daxil edib.
3 651 TEU tutumlu "Atlantica Pioneer" gəmisi "Atlantica Shipping" şirkətindən təxminən 45 milyon dollara, 3 799 TEU tutumlu "Irenes Resolve" Yunanıstanın "Tsakos Shipping & Trading" şirkətindən 23 milyon dollara satın alınıb. MSC həmçinin "Marlow" şirkətinin idarə etdiyi 3 534 TEU tutumlu "Rio Kobe" gəmisini 32 milyon dollara əldə edib.
MSC ikinci əl gəmi alışları ilə yanaşı, 2020-ci ildən Asiyada yerləşən gəmiqayırma zavodlarını da ciddi şəkildə məşğul edib.
"Alphaliner"-in məlumatına əsasən, şirkətin rekord həcmdə olan yeni gəmi sifariş portfeli hazırda 123 gəmidən ibarətdir və ümumi tutum 2,1 milyon TEU-nu ötür.

