ABŞ Sakit okeanda daha bir gəmini məhv edib
ABŞ müharibə naziri Pit Heqsetin əmri ilə ABŞ ordusu Sakit okeanda narkotik qaçaqmalçılığı üçün istifadə edildiyi iddia olunan daha bir gəmini məhv edib.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Cənub Komandanlığı məlumat yayıb.
“Müdafiə naziri Pit Heqsetin əmri ilə “Southern Spear” Birgə Əməliyyat Qüvvəsi terror təşkilatının istifadə etdiyi gəmiyə zərbə endirib. Kəşfiyyat gəminin narkotik alveri ilə məşğul olduğunu təsdiqləyib”, – məlumatda qeyd olunur.
Komandanlığın məlumatına görə, gəminin göyərtəsində olan üç nəfər öldürülüb. Gəmi Şərqi Sakit okeanda narkotik daşıyırmış və zərbə beynəlxalq sularda həyata keçirilib.
CNN-in məlumatına əsasən, ABŞ qüvvələri son aylarda narkotik qaçaqmalçılığı ilə mübarizə adı altında Latın Amerikası sahillərində 21 sürətli qayığı məhv edib və nəticədə 83 nəfər həlak olub.

