Keçən il istifadəyə verilən konteyner terminalı genişləndiriləcək
Abu-Dabi-nin liman, logistika və ticarət üzrə aparıcı qurumu olan "AD Ports Group" Fransanın konteyner nəhəngi "CMA CGM Group" ilə Xəlifə limanındakı birgə konteyner terminalının genişləndirilməsi barədə yeni razılaşma imzalayıb.
"Seanews.az" xəbər verir ki, yeni genişləndirmə layihəsinin dəyəri 420 milyon dirhəm (təxminən 115 milyon dollar) təşkil edir və xərclər tərəfdaş şirkətlər arasında bölüşdürüləcək.
Genişləndirmə işlərinin 2028-ci ilin əvvəlində tamamlanması planlaşdırılır. Layihə çərçivəsində terminalın illik gücü 50% artırılaraq 1,8 milyon TEU-dan 2,7 milyon TEU-ya çatdırılacaq. Bununla da Xəlifə limanının ümumi konteyner emalı potensialı 9% artaraq 10,5 milyon TEU səviyyəsinə yüksələcək.
Genişləndirmə nəticəsində terminalın körpü divarının uzunluğu 50% artırılaraq 800 metrdən 1 200 metr-ə çatdırılacaq. Eyni zamanda anbar sahəsi 464 000 kvadratmetrdən 667 000 kvadratmetrə, yəni 40%-dən çox genişlənəcək.
Layihəyə əlavə olaraq terminalın infrastrukturunun yenilənməsi, xüsusilə soyuducu konteynerlərin saxlanması üçün nəzərdə tutulmuş müasir “reefer” sistemlərinin quraşdırılması da daxildir.
Qeyd edək ki, ötən ilin dekabrında istifadəyə verilən terminalın 70%-i "CMA CGM", 30%-i isə "AD Ports Group"-a məxsusdur.

