"Jebel Ali" limanı son 20 ilin rekordunu yeniləyib
BƏƏ-nin əsas dəniz-logistika mərkəzi olan "Jebel Ali" limanı 2025-ci ilin oktyabrında 630 min ton iri həcmli yük qəbul edərək son iyirmi ilin ən yüksək aylıq göstəricisini rəsmiləşdirib.
"Seanews.az" xəbər verir ki, göstəricinin kəskin artımı ölkədə sənaye və tikinti sektorunun genişlənməsi ilə əlaqələndirilir.
Məlumata görə, böyük həcmlərin formalaşmasında xüsusən metallurgiya məhsullarının idxalı və "Dubai Metro Blue Line" ilə "DWC Airport" kimi iri infrastruktur layihələri aparıcı rol oynayıb.
Limanda əvvəlki il də yüksəliş qeydə alınıb. Belə ki, 2024-cü ildə iri həcmli yükaşırma dövriyyəsi 23% artaraq 5,36 milyon tona çatıb.
"DP World GCC" rəhbərliyi bildirir ki, bu nəticə limana olan etimadın gücləndiyini, həmçinin regionda istehsal və logistika imkanlarının sürətlə genişləndiyini təsdiqləyir.
İri ölçülü sənaye yüklərinin daşındığı "Jebel Ali" limanı "Jafza" logistik zonası ilə birlikdə ölkənin beynəlxalq ticarət qovşağı kimi mövqeyini möhkəmləndirir.

