"MSC" Banqladeşdə daxili konteyner terminalının idarəetməsini ələ alır
"MSC" Banqladeşin daxili logistika şəbəkəsini gücləndirmək üçün "Pangaon" İdxal-İxrac Konteyner Terminalına (PICT) dair yeni konsessiya müqaviləsi imzalayıb.
"Seanews.az" xəbər verir ki, bu addım qlobal konteyner nəhənginin Banqladeşdə indiyədək atdığı ən böyük daxili infrastruktur öhdəliklərindən biridir.
"MSC"-nin sürətlə böyüyən quru logistika bölməsi olan "Medlog" terminalın idarəetməsini, təchizatını və avtomatlaşdırılmasını öz üzərinə götürəcək. Konsessiya çərçivəsində "Medlog" terminalın genişləndirilməsi və yeni texnologiyaların tətbiqi üzərində də işləyəcək.
"MSC"-nin baş icraçı direktoru Sören Toft bildirib ki, bu investisiya şirkətin Banqladeşin regional ticarət qovşağına çevriləcəyinə dair inamını göstərir. O qeyd edib ki, "Pangaon" terminalına qoyduğumuz sərmayə Banqladeşin Cənubi Asiyanın əsas regional və qlobal ticarət qapılarından birinə çevrilə biləcəyinə dair etimadımızı əks etdirir.
Terminal Buriganga çayı üzərində, Dhaka şəhərinə yaxın, Dhaka–Mawa–Bhanga avtomagistralının yanında yerləşir. Yeni idarəetmə modelinin ölkənin yol şəbəkəsindəki yükü azaltması, daha çox yük axınının daxili su yollarına yönləndirilməsi və paytaxtla çay limanları və dəniz limanları arasında əlaqələrin gücləndirilməsi gözlənilir.
Ümumilikdə yenilənmiş terminalın illik təxminən 160 min TEU yükaşırma qabiliyyətinə malik olacağı bildirilir.

