Qara dənizdə iki tankerin hücuma məruz qalmasından sonra sığorta tarifləri yüksəlib
Qara dəniz üzərindən yükdaşımaların sığorta xərcləri Ukrayna dəniz dronlarının Rusiya limanına doğru hərəkət edən iki tankeri vurmasından sonra yüksəlib.
"Seanews.az" "Reuters"-ə istinadən xəbər verir ki, hücumların davam etməsi ehtimalı müharibə riski üzrə sığorta haqlarının artmasına səbəb olub.
Mənbələrin bildirdiyinə görə, Ukrayna limanlarına səfərlər üçün tipik yeddi günlük sığorta dövrünün tarifləri bir həftə öncəki 0,4%-dən 0,5%-ə yüksəlib. Rusiya limanlarına Qara dəniz səfərləri üçün tariflər isə ötən həftəki 0,6%-dən 0,65–0,8%-ə qalxıb.
Ukraynanın Təhlükəsizlik Xidmətindən "Reuters"-ə verilən məlumata əsasən, iki tanker boş vəziyyətdə Novorossiyskə doğru irəlilədikləri zaman dəniz dronları tərəfindən vurulub.
“Vessel Protect” şirkətinin əməliyyatlar rəhbəri Manro Anderson bildirib ki, Qara dənizdə baş verən son insidentlər Ukraynanın Rusiyanın neft gəlirlərini məhdudlaşdırmaq məqsədli kampaniyasını əks etdirir və bu, sığortaçıların risk qiymətləndirməsinə təsir edir. Onun sözlərinə görə, sığorta tarifləri də bu yanaşmaya uyğun olaraq yüksəlib: “Rusiya limanlarına səfərlər üçün təminatçılar daha geniş coğrafiyada mümkün hücum ehtimallarını qiymətləndirir və təkrarlanma riskini nəzərə alırlar”.
Anderson əlavə edib ki, Ukraynanın fəallığı artdıqca Rusiyanın cavab addımlarının ehtimalı da yüksəlir ki, bu da hər iki istiqamətdə risk səviyyəsini bərabərləşdirir.

