ABŞ bir ildə 100 milyon tondan çox mayeləşdirilmiş təbii qaz ixrac edən ilk ölkə olub
Seanews.az xəbər verir ki, ABŞ 2025-ci ildə mayeləşdirilmiş təbii qaz ixracında rekord göstəriciyə nail olaraq, bir il ərzində 100 milyon tondan artıq həcmdə ixrac həyata keçirən ilk ölkə kimi qeydə alınıb.
Məlumatlara əsasən, ötən il ABŞ-dan təxminən 111 milyon ton mayeləşdirilmiş təbii qaz ixrac olunub. Bu göstərici dünyanın ikinci ən böyük ixracatçısı olan Qətərin nəticəsindən təxminən 20 milyon ton, ABŞ-ın 2024-cü il göstəricisindən isə 23 milyon ton çoxdur. Nəticədə 2025-ci ildə qlobal mayeləşdirilmiş təbii qaz ixracının təxminən dörddə biri ABŞ-ın payına düşüb.
İxrac həcminin artması əsasən yeni terminalların istismara verilməsi və mövcud ixrac obyektlərində yüksək yüklənmə səviyyəsi ilə bağlı olub. Xüsusilə “Venture Global” şirkətinə məxsus Plaquemines terminalı 2025-ci ildə 16,4 milyon ton mayeləşdirilmiş təbii qaz ixrac edərək ABŞ-da ikinci ən böyük ixrac müəssisəsinə çevrilib.
İl ərzində ABŞ bir neçə aylıq rekord da müəyyən edib. Belə ki, dekabr ayında ixrac həcmi 11,5 milyon tona çataraq ölkə tarixində ən yüksək aylıq göstərici olub. Ümumilikdə, 2025-ci il ərzində ABŞ-da beş dəfə aylıq ixrac rekordu qeydə alınıb.
ABŞ-dan göndərilən yüklərin əsas istiqaməti Avropa bazarı olaraq qalır. Qış mövsümündə tələbatın artması fonunda dekabr ayında Avropaya təxminən 9 milyon ton mayeləşdirilmiş təbii qaz tədarük edilib. Həmin dövrdə Türkiyə 1,45 milyon ton, Asiya ölkələri 1,23 milyon ton, Misir 0,78 milyon ton, Amerika qitəsində yerləşən ölkələr isə ümumilikdə 0,42 milyon ton qaz idxal edib.
Mütəxəssislər bildirirlər ki, qarşıdakı dövrdə ABŞ-ın mayeləşdirilmiş təbii qaz ixrac potensialı daha da artacaq. Plaquemines terminalının tam gücü ilə fəaliyyətə başlaması, “Cheniere” şirkətinin bir sıra yeni layihələrinin mərhələli şəkildə istismara verilməsi, eləcə də “Exxon Mobil” və “QatarEnergy” şirkətlərinin birgə layihəsi olan Golden Pass terminalında istehsalın 2026-cı ilin birinci rübündə başlanması bu artımı şərtləndirən əsas amillər sırasında göstərilir.

