Çində 2017-ci ildə fəaliyyətini dayandrmış gəmiqayırma zavodu yenidən işə başlayıb
Çində gəmiqayırma sahəsindəki canlanma fonunda uzun müddət fəaliyyət göstərməyən "Nanjing Dongze" gəmiqayırma zavodu yenidən açılıb.
"Seanews.az" xəbər verir ki, Yanszı çayı sahilində yerləşən bu zavod əvvəllər əsasən kiçik yük gəmiləri tikirdi. Zavod 2017-ci ildə fəaliyyətini dayandırmış, bundan sonra isə borclar və boş istehsal sahələri səbəbindən uzun müddət qeyri-işlək vəziyyətdə qalmışdı. Məhkəmənin qərarı ilə zavod "China Merchants Shipbuilding Industry Group" tərəfindən satın alınıb. Yeni sahib zavodun alınması üçün təxminən 33 milyon dollar borcu ödəyib və burada 50 min ton daşıma qabiliyyətinə (DWT) qədər gəmilərin tikintisini planlaşdırır.
Yenidən fəaliyyətə başlayan zavod artıq ilk gəmisini də suya endirib. "SC Emerald" adlı kimyəvi tanker dekabrın ortalarında istismara buraxılıb.
"Nanjing Dongze"nin yenidən açılması Çində müşahidə olunan daha geniş bir prosesin tərkib hissəsidir. Qlobal miqyasda yeni gəmilərə tələbatın artması və gəmi sahiblərinin sifarişləri 2020-ci illərin sonlarına qədər planlaşdırması səbəbindən son illərdə Çində əvvəllər bağlanmış onlarla gəmiqayırma zavodu yenidən işə salınıb.

