Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-21,
Seanews
Heyder Eliyev

Piratlar Somali sahillərində neft tankerini qaçırıblar

Somali sahillərində "Honour 25" adlı kiçik neft məhsulları tankerinin (3,000 dwt) dəniz quldurları tərəfindən ələ keçirildiyi barədə xəbərlər yayılıb.

“Seanews.az” BBC-yə istinadən xəbər verir ki, Palau bayrağı altında üzən və Yaxın Şərqdən Somaliyə yanacaq daşıyan gəmi Somalinin şimal sahillərinə gətirilərək lövbərə qoyulub. Gəmidə Pakistan, İndoneziya, Hindistan, Şri-Lanka və Myanma vətəndaşlarından ibarət 17 heyət üzvü girov saxlanılır.

Təhlükəsizlik rəsmiləri bildirirlər ki, aprelin 22-də sahil xəttindən 30 mil məsafədə əvvəlcə altı, daha sonra isə əlavə beş silahlı şəxs gəmiyə daxil olub.

Hadisə Somalidə benzin qiymətlərinin kəskin artdığı bir dövrə təsadüf edir. Yaxın Şərqdəki münaqişələr səbəbindən paytaxt Moqadişuda yanacağın qiymətinin üç dəfə artması, yüklə dolu olduğu təxmin edilən bu tankeri piratlar üçün qiymətli bir qənimətə çevirib. Gəminin göyərtəsində silahlı mühafizəçilərin olmasına baxmayaraq, piratların hücumu uğurlu olub.

Avropa İttifaqının "Atalanta" hərbi-dəniz missiyası hələlik hadisəni rəsmən təsdiqləməsə də, ilin əvvəlindən bəri beynəlxalq sularda beş oxşar insidentin qeydə alındığını və bölgədə pirat fəallığının yenidən artdığını bildirib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır