Yeni konteyner gəmilərinin sifarişlərinin həcmi tarixi minimuma enib
İyulda konteyner gəmilərinin inşası üçün sifarişlərin həcmi tarixi minimuma enərək 2,2 milyon TEU olub. Bu da dünya konteyner donanmasının ümumi həcminin 9,4%-ni təşkil edir.
"Seanews.az" xəbər verir ki, tutumu 15-18 min TEU olan konteyner gəmilərinin sifarişində xeyli azalma olub, tutumu 4-10 min TEU olan konteyner gəmilər isə ümumiyyətlə sifariş olunmayıb. 10-15 min TEU tutumuna malik konteyner gəmilərinin sifarişi isə 2 milyon TEU-nu ötüb. Bundan başqa, meqa-konteyner gəmiləri sifariş etməyi planlaşdıran iri gəmiçilik şirkətləri hazırda sifarişlərini qeyri-müəyyən müddətə təxirə salıblar.
2008-2009-cu illərdəki iqtisadi böhrandan sonra konteyner gəmilərinin sifarişi sabit səviyyədə qalaraq ildə 4 milyon TEU təşkil edirdi. 2018-ci ilin iyulunda sifarişlərin həcmi 2.84 milyon TEU-ya qədər azaldı. 2016-cı ilin iyulunda bu göstərici 3.55 milyon TEU idi.
Konteyner gəmilərinin sifarişi azaldığından mövcud sifarişlərin icrasının təhvil müddəti də qısalıb. Bu səbəbdən hazırda inşa olunan konteyner gəmilərinin 2022-ci ilin əvvəlində təhvili planlaşdırılır.