Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

“MSC” şirkəti 100 gəmisini yırğalanma əleyhinə sistemlərlə təchiz edəcək

Təsnifat və sertifikatlaşdırma cəmiyyəti “DNV” və xətti gəmiçilik şirkəti “Mediterranean Shipping Company” (“MSC”, İsveçrə) “DNV” tərəfindən hazırlanmış yeni “Anti-Roll Assist” sistemini gəmilərdə tətbiq etmək üçün müqavilə imzalayıblar.

“Seanews.az”ın məlumatına görə,  yeni sistem “MSC” konteyner donanmasının 100 gəmisində tətbiq ediləcək.

“MSC” dənizdə səfərlər zamanı parametrik və ya sinxron yırğalanmaya görə baş verən konteyner itkilərinin qarşısını almaq üçün bu proqramı quraşdıran ilk beynəlxalq xətti daşıma şirkətidir.

Hər gün dünyada milyonlarla konteyner təhlükəsiz şəkildə daşınır. Nadir hallarda da olsa, ətraf mühit, naviqasiya amilləri və gəmi parametrlərinin birləşməsi konteyner bərkitmələrini poza bilən sinxron və parametrik yırğalanmaya gətirib çıxarır. Belə hallarda konteynerlər dənizə düşür, ətraf mühitə ziyan vurur, maliyyə və nüfuz itkilərinə səbəb olur. “DNV”-nin yeni “Anti-Roll Assist” sistemi gəmi kapitanlarına rezonanslı yırğalanma riskini aşkarlamağa və qarşısını almağa kömək edir. Gəminin hidrodinamik  baza məlumatlarından istifadə edəcək sistem gəminin istiqamətinə, sürətinə, yükləmə şərtlərinə və ətraf mühitə əsaslanan risk mənzərəsini təqdim edə bilər.

“MSC” bu proqramı hava proqnozu sistemlərinə inteqrasiya edir. Müqavilə 1,8 mindən 24 min TEU-dək tutumlu onlarla tikilmiş, istismarda olan və tikilməkdə olan gəmiləri əhatə edir.

“Anti-Roll Assist” sistemi avtonom, ya da digər bort sistemlərinə - kompüter əsaslı qoşma idarəetmə sistemləri, hava proqnozu alətləri və ya naviqasiya sistemlərinə inteqrasiya oluna bilər:  Bu, gəmi sahiblərinə yükgöndərənlərin konteyneri itirmək riskini minimuma endirmək strategiyasına malik olduğuna zəmanət verən “ARCS” sinif notasiyası ilə təsdiqlənir. Sahiblər risklərin hesablanması üçün müəyyən edilmiş funksional, texniki və əməliyyat tələblərinə cavab verən proqram həllini tətbiq etməklə “ARCS “sinif notasiyasının tələblərinə cavab verə bilərlər.

Beynəlxalq özəl gəmiçilik şirkəti “Mediterranean Shipping Company S.A.” (“MSC”) 1970-ci ildə Gianluigi Aponte tərəfindən təsis edilib və hələ də Aponte ailəsinə məxsusdur. Konteyner donanmasının tutumuna görə dünyanın ikinci ən böyük xətti gəmiçilik şirkətidir. Qrupun 150 mindən çox işçisi var. “MSC”-nin donanması 730 gəmidən ibarətdir. Şirkətin gəmiləri 260 marşrut üzrə işləyir, 520 dəniz limanına səfərlər edir və hər il təxminən 23 milyon TEU daşıyır.

“DNV” ən böyük beynəlxalq təsnifat və sertifikatlaşdırma cəmiyyətidir. 100 ölkədə 16 000-ə yaxın işçisi var.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır