Britaniya şirkəti 2030-cu illərin ortalarınadək üzən atom elektrik stansiyalarını bazara çıxarmaq barədə düşünür
Böyük Britaniyanın “Core Power” şirkəti 2030-cu illərin ortalarına qədər üzən atom elektrik stansiyalarını bazara çıxarmağa imkan verəcək dəniz mülki nüvə proqramı hazırladığını açıqlayıb.
“Seanews.az” xəbər verir ki, proqramın birinci hissəsi üzən atom elektrik stansiyalarının (FNPP) kütləvi istehsalını əhatə edəcək. Üzən atom elektrik stansiyalarının geniş miqyasda yerləşdirilməsi nəticəsində əldə edilən təcrübə proqramın mülki gəmilər üçün atom elektrik stansiyasının yaradılmasını nəzərdə tutan ikinci hissəsinə yol açacaq.
“Core Power” şirkətindən bildiriblər ki, FNPP-lər ixtisaslı işçi qüvvəsi tərəfindən gəmiqayırma zavodlarında tikiləcək. Üzən atom elektrik stansiyaları limanlarda dayana bilən enerji barjları, eləcə də sahildən uzaqda lövbər salan daha güclü generasiya qurğuları kimi inşa ediləcək.
Qeyd edilir ki, mərkəzi gəmiqayırma zavodu istismara vermə, texniki xidmət, yanacaq doldurma və tullantıların utilizasiyası ilə məşğul olarkən, FNPP-lər kompleks şəkildə istehsal oluna və sonra yedəkdə lazımi yerlərə çatdırıla bilər.