Dünyanın ilk yelkənli konteyner gəmisi inşa ediləcək
Fransanın “Windcoop” şirkəti dünyanın ilk yelkənli konteyner gəmisinin inşası üçün sifariş verib.
“Seanews.az” xəbər verir ki, Türkiyənin Tuzla şəhərindəki “RMK Marine” tərsanəsi ilə müqavilə imzalanıb.
Konteyner gəmisi Madaqaskar və Fransa arasında fəaliyyət göstərəcək. Gəminin tikintisinə 2026-cı ildə başlanması, 2027-ci ilin mayında istismara verilməsi planlaşdırılır.
Uzunluğu 91,3 metr olan gəmi ekoloji cəhətdən təmiz həllərlə, o cümlədən “Computed Wing Sail” şirkətinin istehsalı olan üç 350 metrlik qanadlı yelkənlərlə təchiz olunacaq. Nəticədə yelkənli konteyner gəmisi adi yük gəmisi ilə müqayisədə 60% az karbon qazı (CO2) emissiyası buraxacaq.
“Windcoop” nümayəndələri qeyd ediblər ki, layihənin ümumi dəyəri təqribən 28,5 milyon avro olacaq. 6,8 milyon avro artıq nizamnamə kapitalı şəklində cəlb edilib, qalan məbləğ isə strukturlaşdırılmış kredit, eləcə də Fransa bankları tərəfindən verilmiş əks-zəmanət hesabına təmin ediləcək.