“BW Singapore” üzən LNG terminalı gələn ay kommersiya fəaliyyətinə başlayacaq
İtaliyada “BW Singapore” mayeləşdirilmiş təbii qaz üçün üzən saxlama, emal və boşaltma qurğusu (FSRU) mayın əvvəlində kommersiya fəaliyyətinə başlayacaq.
“Seanews.az” xəbər verir ki, “BW Singapore” LNG terminalı 2025-ci il fevralın sonunda Ravenna (Emiliya-Romanya bölgəsi) yaxınlığında, Adriatik sahilindən 8,5 km aralıda keçmiş Petra dəniz platformasına yan alıb. Aprelin əvvəlində LNG-nin ilk partiyası “Flex Artemis” tankeri ilə ABŞ-dan FSRU-ya çatdırılıb.
Digər üzən qazlaşdırma qurğusu “Snam - Italis LNG” artıq Piombino (Toskana vilayəti) sahillərində işləyir. İkinci üzən sistemin istifadəyə verilməsi ilə İtaliyada ümumi qazlaşdırma gücü ildə 28 milyard kubmetrə qədər artacaq, bu, təxminən 2021-ci ildə Rusiya Federasiyasından idxal edilən qazın həcminə bərabərdir. Bu həcm ölkənin qaza olan tələbatının 45%-ni təşkil edəcək.
170 min kubmetr maye qaz tutumlu “FSRU BW Singapore” 2015-ci ildə tikilib. İldə 5 milyard kubmetrə qədər LNG-ni yenidən qazlaşdıra bilən gəmi İtaliyanın milli enerji təhlükəsizliyini təmin etmək məqsədi ilə 2022-ci ildə “Snam” şirkəti tərəfindən alınıb. Qeyd edək ki, bu gün LNG ölkənin ümumi qaz istehlakının təxminən 25%-ni təşkil edir.