“MR” tipli tankerlərdə rotor yelkənlərinin quraşdırılmasının optimal sxemi hazırlanacaq
Böyük Britaniyanın “Anemoi Marine Technologies” mühəndislik şirkətinin iştirak edəcəyi elmi-texniki layihə çərçivəsində dedveyti 50 min ton olan “MR” tipli tankerlərdə rotor yelkənlərinin quraşdırılmasının optimal sxemi hazırlanacaq.
“Seanews.az” xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
Layihədə “Anemoi Marine Technologies” ilə yanaşı, donanma operatoru “Hafnia Limited”, gəmiqayırma şirkəti “Guangzhou Shipyard International” (“GSI”) və təsnifat cəmiyyəti “DNV” iştirak edir.
Bildirilir ki, “Anemoi” və “Hafnia” şirkətlərinin mühəndisləri “MR” tipli tankerlərin göyərtəsində rotor yelkənlərinin, eləcə də idarəetmə sistemlərinin təhlükəsiz və səmərəli quraşdırılması üçün texniki şərtləri müəyyən edəcək bir sıra tədqiqatlar aparacaqlar. Mütəxəssislər rotor yelkənlərinin gəmilərin enerji səmərəliyinə necə təsir edəcəyini hesablamağı planlaşdırırlar.
Çin mühəndisləri, öz növbəsində, yeni rotor yelkənlərinin quraşdırılması üçün texniki sənədləri hazırlayacaq, “DNV” təsnifat cəmiyyəti isə tərtibatçılara prinsipcə konsepsiyanın təsdiqi (“AiP”) sertifikatı vermək üçün qiymətləndirmə aparacaq.